Çempionlar Liqasının qalibi: “Xəzər Lənkəran”la maraqlanmışdım - MÜSAHİBƏ
28.07.2014 - 14:24
Çempionlar Liqasının qalibi: “Xəzər Lənkəran”la maraqlanmışdım  - MÜSAHİBƏ

Rusiyanın “Arsenal” klubunun baş məşqçisi, “Porto”nun heyətində Çempionlar Liqasının və UEFA kubokunun qalibi olmuş Dmitri Aleyniçevin apasport.az saytına müsahibəsi

 

- Sloveniyadakı təlim-məşq toplanışını “Xəzər Lənkəran”la qarşılaşma ilə tamamladınız. 1:2 hesabı ilə uduzduğunuz qarşılaşma haqda nə düşünürsüz?

- Oyun maraqlı alındı. Təəssüf ki, qalib gələ bilmədik. İkinci hissədə qol imkanlarımız oldu. Hətta qapı tirinə tuş gəldik. Amma düzünü deyim ki, çox da məyus deyilik. Çünki bütün fikirlərimiz Rusiya Premyer Liqasının I turunun “Zenit”lə oyununa bağlıdı.

 

- Rəqib haqda nə deyə bilərsiniz?

- “Xəzər Lənkəran” yaxşı komandadı. Gücümüzü sınamaq üçün əsl bizə lazım olan komanda idi.

 

- “Zenit” kimi komanda ilə oyundan öncə hansı komponentlərinə görə məhz “Xəzər Lənkəran”la qarşılaşmaq istədiniz?

- Bilirdik ki, rəqib texnikalı komandadı. Mən “Xəzər Lənkəran”la ətraflı maraqlanmışdım. Bu səbəbdən də məhz belə komanda ilə oynamaq istədik. Bundan əvvəl güc futbolu oynayan “Şeffild Uensdey”lə görüşmüşdük. Çempionatdakı ilk rəqibimiz “Zenit”də də çox sayda texnikalı oyunçu olduğundan belə rəqiblə qarşılaşmaq lazım idi. Düşünürəm ki, gücümüzü yaxşı rəqiblə qarşılaşmada sınaya bildik.

 

- İkinci hissənin gedişində birdən-birə 5 dəyişiklik etdiniz. Bu, nəyə hesablanmışdı: qələbəyə, yoxsa bütün futbolçulara şans vermək istəyirdiniz?

- Nəticə bizim üçün nəticə önəmli deyildi. Bütün futbolçulara oynamaq imkanı vermək lazım idi. Bu üzdən ikinci hissədə 9 əvəzetmə gerçəkləşdirdik. Hamı oynadı. Düzdü, qalib gələ bilmədik. Lakin buna çox üzülmürəm.

 

- Yuri Syomin, Con Toşak, Toni Adams, Mustafa Dənizli kimi tanınmış simalar Azərbaycanda çalışıb. Bəs siz nə vaxtsa Azərbaycan klublarından təklif almısız?

- Azərbaycandan deyil, Qazaxıstandan təklif almışdım. Lakin ölkənizdəki yaxşı şəraitdən xəbərim var. İnfrastruktur, stadionlar, bir sözlə, hər şərait yaxşıdır. Bu üzdən də tanınmış məşqçiləri ora gedir.

 

- Azərbaycandan təklif alsanız necə?

- Baxmaq, müzakirə etmək olar. Lakin xəyalımdakı komanda “Spartak”dı. Mənim üçün 1-ci yerdə bu komandadı.

 

- Elə sizi xəyalınızdakı komandadan  kənarlaşdıran Aleksandr Starkov da Azərbaycanda çalışıb...

- (gülür) Hər şeydən xəbərim var. Bu qədər...

0