“Şaxtyor”un qaçan futbolçuları geri qayıtdı, “Metallist”lə “Volın” isə hələ gözləyir
29.07.2014 - 10:43
“Şaxtyor”un qaçan futbolçuları geri qayıtdı, “Metallist”lə “Volın” isə hələ gözləyir

Ukraynanın “Şaxtyor” klubunun düşərgəsini özbaşına tərk edən bütün futbolçular geri qayıdıb. Appasport.az saytının məlumatına görə, bunu klubun baş direktoru Sergey Palkin açıqlayıb. O bildirib ki, braziliyalılar Duqlas Kosta, Dentinyo və Aleks Teyşeyranın qayıdışı gerçəkləşib.

 

Bu üç futbolçu, həmçinin argentinalı Fakundo Ferreyra, braziliyalı Fred və İsmaili Fransanın Ansi şəhərindəki yoxlama oyunundan sonra “Şaxtyor”dan qaçmışdı. Onlar bunu Ukraynadakı durumun qeyri-sabit olması ilə izah etmişdi. Lakin qaçanlardan üçü – Ferreyra. Fred və İsmaili artıq bir neçə gün sonra düşərgəyə qayıtmışdı.

 

Futbolçuların hamısı geri dönsə də, “Şaxtyor” ölkədəki qeyri-sabitlikdən əziyyət çəkməkdədir. Belə ki, müvəqqəti Kiyevdə məskunlaşmağa məcbur olan komanda ev oyunlarını Lvovda keçirəcək.

 

Ukraynanın digər iddialı klubu Xarkov “Metallist”i və Lutsk “Volın”ında da də durum ürəkaçan deyil.  Xose Sosa, Sebastyan Blanko, Alexandro Qomes və Conatan Kristaldo Xarkov təmsilçisindən özbaşına ayrılıb. Erik Bikfalvi, Ramon Lopes və Maykl Babatunde isə “Volın”dan qaçıb.

 

Qeyd edək ki, Ukraynada futbol mövsümü iyulun 22-də start götürüb. Həmin gün Kiyev “Dinamo”sunu 2:0 hesabı ilə məğlub edən “Şaxtyor” Superkuboku qazanıb.

0