“Zalsburq” sınağı
29.07.2014 - 11:42
“Zalsburq” sınağı

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsi start götürür. Apasport.az saytının məlumatına görə, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən Ağdamın “Qarabağ” klubu mərhələdəki ilk oyununu sabah keçirəcək.

 

Çempionlar Liqasındakı debüt mövsümünə Malta çempionu “Valletta” üzərində 2 qələbə ilə başlayan Qurban Qurbanovun yetirmələri bu dəfə daha güclü rəqiblə üz-üzə gələcək. Təmsilçimiz Avstriyanın “Zalsburq” klubu ilə görüşəcək. Bu matç komandanın mövsümdə ilk ciddi sınağı olacaq.

 

Avrokubokların qrup mərhələsində yerini təmin etmək üçün bu rəqibi adlamağa borclu olan “Qarabağ” gələn həftə baş tutacaq səfər oyunu öncəsi sərfəli nəticə əldə etməyə çalışacaq. Doğma publika önündə oynayacaq Azərbaycan çempionunu Tofiq Bəhramov adına Respublika stadionunA toplaşan azarkeşlər də dəstəkləyəcək.

 

Azərbaycan üçün avrokuboklarda bir sıra ilklərə imza atan Qurbanovun yetirmələri indiyədək keçilməz olan Çempionlar Liqasının III təsnifat mərhələsini keçməlidir. İndiyədək “Bakı” və “Neftçi” bu mərhələdə oynasa da, uduzmaqla Avropa Liqasına göndərilib. Həm də onlar qitənin ən nüfuzlu klub turnirindəki son mərhələdə qələbəyə həsrət qalıb. Sabah qazanılacaq qələbə bu mərhələdəki ilkimiz olacaq. Ağdam təmsilçisi isə 3 dəfə uduzduğu Avroliqanın pley-offunda oynamamaq üçün qalib gəlməlidir.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

30 iyul

20:30. “Qarabağ” (Azərbaycan) – “Zalsburq” (Avstriya)

Baş hakim: Sergey Boyko

Hakim köməkçiləri: Aleksandr Voytyuk, Oleq Pluznyuk

Dördüncü hakim: Anatoli Abdula (hamısı Ukrayna)

UEFA nümayəndəsi: Oğuz Sarvan (Türkiyə)

Hakim-inspektor: Kuanış Kanapyanov (Qazaxıstan)

Bakı. T.Bəhramov adına Respublika stadionu

 

0