[b]Qurban Qurbanov: Bunu bağışlamayacağam[/b]
30.07.2014 - 22:54
[b]Qurban Qurbanov: Bunu bağışlamayacağam[/b]

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində “Zalsburq”a qarşı oyundan sonra mətbuat konfransına qatılıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi zala daxil olanda azarkeşlər və jurnalistlər onu alqışlarla qarşılayıb.

 

Qurbanov öncə alqışlara görə təşəkkür edib: “Bugünkü oyunda komandamızın yanında idiniz. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən bu gün şahidi olduq ki, biz birlikdə qələbə qazandıq. Yaxşı qələbə oldu. Boynumuza almalıyıq ki, rəqib ikinci hissədə daha yaxşı oynadı. Bizim müəyyən problemlərimiz oldu. Bu da qırmızı vərəqə ilə bağlı idi. Şükürlər olsun ki, qələbəni əldə edə bildik. Belə komanda üzərində qələbə bizə ruh verir. Qalır növbəti oyun. Ona da düzgün hazırlaşmalıyıq”.

“Qarabağ”ın baş məşqçisi “Zalsburq”un zəif oynamadığını deyib: “Amma düşündüyümüz komandanı da görmədik. İlk hissədə biz yaxşı oynadıq. Qırmızı vərəqə almağımız bizə ikinci hissədə problem yaratdı. Buna hazır deyildik. Amma oyunun gedişlində bunu dəyişdik”.


Qurbanov Admir Telinin qırmızı vərəq alandan sonra kapitan sarğısını yerə atması barədə sualı da cavablandırıb: “Onun qırmızı alması böyük səhv idi. Kapitan sarğısını yerə atmağını görmədim. İnanmıram ki, hörmətsizlik etsin. Məncə, sarğını Qara Qarayevə atdı ki, o, götürsün. Onun bu yaşda belə qırmızı vərəqə alması bağışlanılan deyil. Yəqin ki, mən də bunu bağışlamayacağam. Ümumilikdə götürəndə, ilk sarı vərəq yox idi. Ona verilən ilk vərəqə düzgün deyildi”.

Mütəxəssis hakimliyə çox etiraz etməsinin səbəbini də açıqlayıb: “Hakimlər gözləmirdi ki belə bir oyun olsun. Onlar Azərbaycan adını eşidib elə bilirlər ki, zəif oyun olacaq. Sürətli oyun olması onları çaşdırdı və belə səhvlərə yol verdilər. Onlar indi dərk edirlər ki, hara gəliblər. Reynaldonun qırmızı vərəqəsi yox idi. Sarı vermək, bəlkə də heç vərəqə verməmək də olardı. İndi biz yenə o epizoda baxacağıq. Bir dəfə baxdıq. Böyük ekranda da baxıb şikayət edəcəyik. FİFA-ya şikayət üçün 24 saat vaxtımız var. Reynaldo qəsdən heç nə etmədi. Qara Qarayev yaxşı oynadı. Çumbinyonu da əvəzləyə bilərdik. Amma Qaranin sarısı var idi. Mübarizələrdə ikinci sarını ala bilərdi. Ona görə Qaranı əvəzlədim. Hətta 5 müdafiəçi ilə də oynaya bilərdik. Şehiçə gəlincə, gələn dəfə daha diqqətli olmasını tapşıracağıq”.

Qurbanov Çenpionlar Liqasının qrup mərhələsinə adladıqları təqdirdə Premyer Liqa oyunlarının bəzilərinin təxirə salınacağını istisna etməyib: “Ola bilər. Bu oyunlardan asılıdır. Ciddi nəsə olsa, bunu istəyə bilərdik”.

O, cavab oyununda kimləri oynadacağı ilə bağlı qısa açıqlama da verib: “Bu da qismətdir. Rəşad zədəsini sağaltdı və qayıtdı. Reynaldo qırmızı aldı və növbəti oyunu buraxmalıdır. Bunları sığortalamağa çalışacağıq. Yəqin ki, səfərdə alternativ variantlar fikirləşəcəyik. İndilik isə heç bir şey yoxdur. Qarşıdakı günlərdə bunu düşünəcəyik. Növbəti oyunda daha yaxşı oynamaq üçün hazırlaşacağıq. Oyundan qabaq müəyyən bəzi qeydlər aparırdım. Rəqib futbolçuların topla davranışını qeyd edirdim. Boylarına baxırdım. Bəzi qeydlər oldu”.

Qurban Qurbanov Böyükağa Hacıyevin bu gün “Neftçi” və “Çixura” oyunu öncəsi mətbuat konfransında “Çixura”nın analizini bir kənara qoyub “Qarabağ”ın oyununa baxacaqları barədə sözlərinə də toxunaraq, sabah stadionda “Nefçti”yə dəstək verməyə çalışacaqlarını qeyd edib: “Çalışacağıq ki, orada olaq. “Neftçi” yaxşı komandadır və uğur qazanır. Onlara dəstək olmaq fikrindəyik. Onsuz da fikirlərimi bildirdikdən sonra bu barədə danışacaqdım. Onlara uğurlar arzu edirəm. Həm “Qarabağ”, həm də “Neftçi” Azərbaycanın adı üçün oynayır”.

 

 

0