[b]Qara Qarayev: Reynaldo və Teli olmayacaqsa...[/b]
31.07.2014 - 11:02
[b]Qara Qarayev: Reynaldo və Teli olmayacaqsa...[/b]

“Yaxşı oyun göstərib, vacib olan qələbəni əldə etdik. İndi səfərdə keçirəcəyimiz qarşılaşma haqqında düşünməliyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.

 

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bakıda Avstriyanın “Zalsburq” klubuna qalib gələn ağdamlıların futbolçusu matç haqqında fikirlərini bildirib: “Rəqibin gücünə hamımız bələdik və meydanda da onların oyununu gördük. Çox sürətli futbol oynayırlar. Amma mümkünsüz heç bir şey yoxdu. Avstriyaya da qələbə üçün gedəcəyik. Ümid edirəm ki, növbəti mərhələyə adlamağı bacaracağıq”.

 

Qarayev Reynaldo və Admir Telinin aldığı qırmızı vərəqələrdən də danışıb: “Hər iki futbolçu bizim üçün vacibdi. Onların qırmızı vərəqə alması komandamıza çətinlik yaradacaq. Amma Reynaldo və Admir Teli olmayacaqsa, bu o demək deyil ki, biz növbəti mərhələdən ümidimizi üzməliyik. Çalışacağıq ki, hər iki futbolçunun  yoxluğunu unutduraq və qələbə ilə dönək”.

0