Namiq Yusifov: ...Reynaldo rəqibi dirsəyi ilə vurmuşdu - MÜSAHİBƏ
31.07.2014 - 23:00
Namiq Yusifov: ...Reynaldo rəqibi dirsəyi ilə vurmuşdu - MÜSAHİBƏ

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Zalsburq”la keçirilən ilk matçda meydana sonradan daxil olan “Qarabağ”ın futbolçusu Namiq Yusifov 2:1 hesablı qələbə qazandıqları oyundan sonra apasport.az saytının suallarını cavablandırıb.

 

- Qırmızı vərəqələrlə bağlı nə deyə bilərsiniz?

- Admir Telinin epizodu zamanı isinmə hərəkəti edirdim. Bu səbəbdən onun nəyə görə “qırmızı” aldığını görmədim. Reynaldonun epizodu zamanı isə deyəsən, o, rəqibi dirsəyi ilə vurmuşdu. Avropada hakimlər bu cür epizodlara bir qədər sərt yanaşır, bağışlamırlar.

 

- Zalsburqdakı görüşdə 2 aparıcı futbolçunuzun yoxluğu komandanızın çıxışına necə təsir edəcək?

- Təbii, onlarsız bizə çətin olacaq.

 

- 2:1 hesablı qələbə səfərdə işinizə yarıyacaqmı?

- Qələbə hər halda, 2:1 0:0 hesabından daha yaxşıdı. Onların da qol epizodları reallaşmadı. Səfərə yaxşı nəticə dalınca gedəcəyik.  

 

- İkinci hissənin əvvəlində rəqib bir neçə real qol epizodu yaratdı. “Qarabağ” bu qədər müdafiəyə çəkilməklə, hesabı qorumağa çalışırdı?

- Hesabı qorumurduq. Rəqibin gücündən hər kəsin xəbəri var. Onlar məcbur etdilər ki, geri çəkilək. Əvəzetmədən sonrakı mövqe dəyişikliyi də sözünü dedi. Bu onların da işinə yarıya bilərdi. Bəlkə də “qırmızılar” olmasaydı da, oyun bu cür davam edərdi.

 

- Erkən qol vurmağınızın işinizə yardığını söyləmək olarmı?

- Erkən qol vursaq da, sonradan hesab bərabərləşdi. Necə olacağını deyə bilmərəm.

 

- Cavab oyunu üçün rəqibi daha yaxından tanıdınız. Nəyə ümid edirsiniz?

- Cavab oyunu ilə bağlı sabah komanda toplanacaq. Baş məşqçi daha yaxşı analiz edib, bizə tapşırıqlar verəcək. Orda necə oynayacağımızı bundan sonra biləcəyik.

 

0