[b]İdmançımızın dünya çempionatında qazandığı medal əlindən alındı[/b]
13.08.2014 - 10:37
[b]İdmançımızın dünya çempionatında qazandığı medal əlindən alındı[/b]

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi 2013-cü ildə Polşada keçirilən dünyaçempionatında qazandığı medallardan birini geri qaytarıb. Apasport.az saytının məlumatına görə, milliləşdirilən legioner Kristina Yovu (53 kq) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) tələbinə əsasən mükafatı ilə vidalaşıb.

 

Belə ki, orqanizmində qadağan olunan preparat tapılan və beynəlxalq qurum tərəfindən 2 illik diskvalifikasiya edilən moldovalı idmançımız dünya çempionatında qazandığı bürünc medalı yarışı 4-cü pillədə başa vuran ukraynalı Yuliya Paratovaya təhvil verib. 

 

Mükafatını yarışdan təxminən 1 il sonra alan ukraynalı bildirib ki, bu, onun üçün gözlənilməz olub: “Bu il mənim üçün sürprizlərlə dolu il olub. 2013-cü ilin mükafatçıları sırasına düşdüyüm üçün çox sevincliyəm. Çünki rəqibim cəzalandı və mən 1 pillə yuxarı qalxaraq, ilk “üçlüyə” daxil oldum”.

 

Qeyd edək ki, IWF bu ilin aprelində Azərbaycan millisinin 18 ağırlıqqaldıranını cəzalandıraraq, onların hamısının 2013-cü ildəki nəticələrini ləğv edib. Bunlardan hələlik Yovunun “imtinası” rəsmən açıqlanıb.

 

Digər idmançılarımız isə çox güman ki, mükafatlarını özlərində saxlayıblar. Onlar bununla yanaşı, Avropa çempionatındakı, gənclərin dünya çempionatındakı və Bakıda təşkil olunan Qran-pridəki “qazanclarını” da qaytarmalıdırlar. Azərbaycana Olimpiya mükafatı qazanmaq üçün gəldiyini deyən Yovunun sonuncu yarışda fərqləndiyini də nəzərə alsaq, həmin qızıl medalın təhvil verib-vermədiyi bilinmir.   

 

0