Rahid Əmirquliyev: Yığmada milliləşdirilən legionerlər yox, əsl azərbaycanlılar oynamalıdı - MÜSAHİBƏ
17.08.2014 - 12:46
Rahid Əmirquliyev: Yığmada milliləşdirilən legionerlər yox, əsl azərbaycanlılar oynamalıdı - MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

 

- Çempionata uğursuz başladınız. AZAL-la 1:1-lik heç-heçədən sonra doğma meydanda “Sumqayıt”a 0:1 hesabı ilə uduzdunuz. Nə baş verir?

- Bu nəticələri nəinki mən, heç kim gözləmirdi. Mövsümlərarası fasilədə çox yaxşı hazırlıq keçmişdik. Bunun sayəsində də startda ardıcıl qələbələr qazanacağımıza ümid edirdik. Şəxsən mən, arxada qalan 2 oyunda 6 xal götürəcəyimizi fikirləşirdim. Amma alınmadı. Fikrimcə, hər 2 görüşdə yaxşı oynadıq. Həm AZAL, həm də “Sumqayıt”la qarşılaşmada rəqibdən çox üstün idik. Amma ilk oyunda 1 xal qazandıq. Bu, çox pis oldu. İndi isə “Sumqayıt”a uduzduq. Sanki ötən mövsümün davamıdı. Xeyli qol epizodu yaradırıq, amma bundan yararlana bilmirik.

 

- Elə baş məşqçiniz Oğuz Çətin də komandanın qol vurmaqda problem çəkdiyini bildirib. Bəlkə hücumçuların ustalıq səviyyəsi aşağıdı?

- Heyətimizdə Rauf Əliyev, Mbilla Etame, Junior Nildo kimi hücumçular var və onları heç də zəif futbolçu saymaq olmaz. Məsələn, Nildo AZAL-da forma geyinən vaxt çempionatda 22 qol vurmuşdu. Amma “Xəzər Lənkəran”a gələndə ayaqları tutuldu. Bunun üzərində çalışmaq lazımdı.

 

- Ötən mövsümə də uğursuz start vermişdiniz. Yaxşı oyun sərgiləsəniz də, son nöqtəni qoymaqda əziyyət çəkirdiniz. Bunun da nəticəsində futbolçular ümidsiz oynamağa başladılar. Eyni təhlükə yenə varmı?

- Çempionat təzə başlayıb. Hansısa komanda rəqiblərindən böyük xal fərqi ilə irəlidə deyil. Bizim işimiz üzərimizdə işləmək və bundan sonrakı oyunlarda eyni səhvləri təkrarlamamaqdı. Yaranan epizodlardan bəhrələnməliyik. Son 2 oyunda ən azından 7-8 real qol şansımız var idi. Amma nə olsun, istifadə edə bilmədik.

 

- Baş hakimin qapıçınız Orxan Sadıqlıya göstərdiyi qırmızı vərəqə haqqında nə deyə bilərsiniz?

- Fikrimcə, Orxana qırmızı vərəqə haqsız qərar idi. Həm qapımıza penalti təyin olundu, həm də qapıçımız meydandan qovuldu. Baş hakim Orxan Məmmədov sarı vərəqə ilə kifayətlənə bilərdi. Hakim həmin epizodda səhvə yol verdi.  

 

- Artıq 2 turdu müdafiənin sağ cinahında yer alırsınız. Sizə burada oynamaq çətin deyil ki?

- Mənim üçün böyük fərq yoxdu. Müdafiənin sağ cinahında və ya yarımmüdafiənin mərkəzində oynasam da, komandama xeyir verməyə çalışıram. Heç bir problem yoxdu. Amma müdafiədə komandaya nə qədər xeyir verdiyimi baş məşqçi deyə bilər.

 

- Oyunu millinin baş məşqçisi Berti Foqts da izləyirdi. Almaniyalı mütəxəssis müdafiənin sağ cinahında oynamağınızı yaxşı hal saymadı...

- Düzdü, mən millidə həmişə yarımmüdafiənin mərkəzində oynamışam. Yəqin, Berti Foqtsa mənim müdafiədə oynamağım qəribə gəlir.

 

- Yığmamızın qarşıda Özbəkistanla yoxlama görüşü var. Bu barədə nə deyə bilərsiniz?

- Özbəkistanla qarşılaşma asan keçməyəcək. Çünki əsas futbolçuların əksəriyyəti komandaya qoşulmayacaqlar. “Qarabağ”ın və “Neftçi”nin  üzvləri klublarında qalacaqlar. Daha çox gənclərə dəvət göndərilib. Bununla belə, qələbə qazanmağa borcluyuq.

 

- Azərbaycan yığmasının toplanış üçün açıqlanan heyəti futbol ictimaiyyətində ajiotaj yaratdı. Heyətdə 11 milliləşdirilmiş futbolçu var...

- Hamı həmin 11 nəfərin azərbaycanlı olduğunu deyir, amma mən razı deyiləm. Yığmada milliləşdirilmiş legionerlər yox, əsl azərbaycanlılar oynamalıdı. Bununla belə, baş məşqçinin qərarına hörmətlə yanaşmaq lazımdı.

 

Elsevər MƏMMƏDOV

 

0