Franko Nildo “Xəzər Lənkəran”dan kənarlaşdırıldı
20.08.2014 - 23:00
Franko Nildo “Xəzər Lənkəran”dan kənarlaşdırıldı

Topaz Premyer Liqasının yeni mövsümünə uğursuz başlayan “Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çətin heyətə əl gəzdirməyə başlayıb. Apasport.az saytının xəbərinə görə, keçirdiyi 2 oyunda cəmi 1 qol vuran “ağ-yaşıllar”ın çalışdırıcısı braziliyalı hücumçu Franko Nildodan narazıdı.

 

Türkiyəli mütəxəssis 31 yaşlı futbolçu ilə söhbətində ona xeyli müddətdi komandada olmasına baxmayaraq, özünü heç cür göstərə bilməməyini xatırladıb. Elə Nildo da Çətinə klubdan getmək arzusunda olduğunu söyləyib.

 

Ölkə çempionatının III turunda Zaqatalada “Simurq”la qarşılaşacaq “Xəzər Lənkəran” hazırda paytaxtdakı “Modern” otelində məskunlaşıb. Amma dünəndən məşqlərə qatılmayan Nildo özünə yeni komanda axtarışındadı.

 

Xatırladaq ki, Nildo “Xəzər Lənkəran”a uelsli baş məşqçi Con Toşakın vaxtında AZAL klubundan transfer olunmuşdu.

0