Adrian Ropotan: Önəmlisi 3 xal qazanmaqdı
21.08.2014 - 12:39
Adrian Ropotan: Önəmlisi 3 xal qazanmaqdı

“İlk turda “İnter”lə matçda oyunumuz alınmadı. Bu səbəbdən nəticə bizim üçün uğursuz oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin dayaq yarımmüdafiəçisi Adrian Ropotan deyib.

 

“Qəbələ”nin heyətinə mövsümlərarası fasilədə qoşulan rumıniyalı futbolçu gabalafc.az-a komandanın hazırkı durumu, məşqlərin gedişi və Qəbələdəki həyatı barədə danışıb. Yarımmüdafiəçi komandada əla atmosferin hökm sürdüyünü, özlərini bir ailə kimi hiss etdiklərini vurğulayıb: “İkinci turda doğma meydanda “Araz-Naxçıvan”ı məğlub etməyi bacardıq. Oyun boyu bir çox qol epizodları yaratsaq da, yalnız birini reallaşdıra bildik. Ən önəmlisi 3 xalı qazanmaqdır. Bu qələbə ötən məğlubiyyəti unutmaq və gələcək oyunlara köklənmək üçün çox vacib idi. Hazırda komandada əla atmosfer hökm sürür”. 

 

28 yaşlı futbolçu növbəti turda səfərdə “Bakı” ilə oyunun hazırlıqları barəsində bunları deyib: “Bakı” ilə oyuna səylə hazırlaşırıq. Bu mövsüm ilk səfər qələbəmizi qazanmaq istəyirik. Məşqlərimiz və çalışmalarımız öz bəhrəsini verir. Ümid edirik ki, qarşıdakı oyunlarda yaxşı nəticələr qazanmaqla bunu sübuta yetirəcəyik. Komandadakı yeni futbolçuların çoxluğunu nəzərə alsaq, oyun praktikası da önəmlidir. Tam komplektləşmək üçün hələ bir yerdə çox oynamalıyıq”. 

 

Moskva “Dinamo”sunun sabiq futbolçusu yeni futbolçuların “Qəbələ”yə artıq uyğunlaşdığını bildirib: “Bütün futbolçuların komandaya öyrəşdiyini əminliklə deyə bilərəm. Bunu müşahidə etmək üçün məşqlərimizi, gündəlik həyatımızı izləməyiniz yetərli olar. Baş məşqçimiz intizamlı, möhkəm, mehriban kollektiv qurmağı bacarıb. Özümüzü bir ailə kimi hiss edirik”.

 

Qeyd edək ki, Adrian Ropotan “Qəbələ”yə Nijni-Novqorod “Volqa”sından gəlib. 

 

0