Rauf Əliyev: Yığmada ünsiyyət problemi var - MÜSAHİBƏ
21.08.2014 - 13:48
Rauf Əliyev: Yığmada ünsiyyət problemi var - MÜSAHİBƏ

Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev Özbəkistanla keçirilən yoldaşlıq görüşündən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Qolsuz bərabərliklə yekunlaşan qarşılaşma barədə nə deyə bilərsiniz?

- Yoldaşlıq matçı olsa da, məqsədimiz qələbə qazanmaq idi. Doğma meydanda oynadığımızdan, tribunalarda yer alan azarkeşləri sevindirmək istəyirdik. Amma çoxsaylı səhvlərə yol verdiyimizdən, məqsədimizə çata bilmədik.

 

- Deməli, azarkeşlərin narazı qalmasına haqq qazandırırsınız...

- Fanatların oyundan zövq almadıqları açıq-aydın hiss olunurdu. Çünki maraqlı qarşılaşma izləyə bilmədilər.

 

- Xeyli səhvlərə yol verdiyinizi dediniz. Bu, nədən irəli gəlirdi?

- Heyətdə dəyişikliklər edilmişdi. İlk dəfə millinin formasını geyinənlər vardı. Təbii ki, bunlar da təsirsiz ötüşmədi.  

 

- Komandanın motivasiyasız oynamasının səbəbi nə idi?

- Havanın həddindən artıq isti olduğunu da nəzərə almaq lazımdı. Bu cür vəziyyətdə yaxşı oyun sərgiləmək çətindi. Bunu deməklə, bəhanə axtarmıram. İstənilən halda, yaxşı çıxış etməli idik. Təəssüf ki, bu gün alınmadı.

 

- Rəqibin fiziki baxımdan daha hazırlıqlı olması sizin üçün gözlənilməz olmadı?

- Özbəkistan yığmasının heyətində gənc futbolçular çoxluq təşkil edir. Buna görə də onlar daha hərəkətli idilər. Fikrimcə, rəqib bizdən daha yaxşı oynadı.

 

- Künc zərbələri zamanı sanki komanda yoldaşlarınız arasında dil, ünsiyyət problemi hiss olunurdu. Buna görə də əksər epizodlarda bir-birinizi anlamırdınız...

- Düz deyirsiniz. Yığmada ünsiyyət problemi var.  

 

0