[b]Oğuz Çətin Nildonun qovulmasından və yeni qapıçıdan danışdı[/b]
21.08.2014 - 17:53
[b]Oğuz Çətin Nildonun qovulmasından və yeni qapıçıdan danışdı[/b]

“Nildoya özünə komanda tapmağı bildirmişik. O, bundan sonra əsas komandada olmayacaq”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

 

“Xəzər Lənkəran” daha bir futbolçu ilə yollarını ayırmaq qərarını verib.

 

AZAL-dakı çıxışını Lənkəranda göstərə bilməyən braziliyalı hücumçu Junior Nildonun cənublulardakı karyerası başa çatıb. Onun məşqlərdən birinə içkili gəldiyi üçün Çətinin qəzəbinə tuş gəldiyi bildirilir.

 

Ancaq çalışdırıcı bu faktı təsdiqləmədi: “Yox, bu xəbər doğru deyil. Biz ona Ərzurum və Sloveniya toplanışlarında şans verdik. Bizimlə hazırlıqlarda iştirak etdi. Ancaq ilk iki turda bu futbolçu özünü doğrulda bilmədi. Ona görə də bugünlərdə qərar verdik ki, Nildo artıq bizimlə birgə olmasın. O, hətta özünə klub tapmayacağı halda belə, “Xəzər Lənkəran”ın əsas komandasında görünməyəcək!”

 

Çətin qapıçı axtarışları haqqında isə bunları dedi: “Çempionatın ilk turları çox böyük qapıçı problemlərimizin olduğunu göstərdi. Hazırda qapıçı axtarışları davam edir. Polşa, Slovakiya kimi ölkələrdən qapıçı transfer edə bilərik”.
 

Səbuhi TOFİQOĞLU

 

  

0