Qara Qarayev: “Tvente”yə qarşı oynamaq daha rahatdı - MÜSAHİBƏ
22.08.2014 - 13:26
Qara Qarayev: “Tvente”yə qarşı oynamaq daha rahatdı - MÜSAHİBƏ

Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Hollandiyanın “Tvente” klubu ilə qarşılaşan “Qarabağ” meydanı qolsuz heç-heçə ilə tərk etdi. Matçdan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandıran Ağdam təmsilçisinin müdafiəçisi Qara Qarayev cavab qarşılaşmasında rəqibdən çəkinməyəcəklərini bildirib.

 

- Oyunla bağlı fikrinizi bilmək istərdik...

- Pis çıxış eləmədik. Sadəcə, yaratdığımız qol epizodlarını reallaşdıra bilmədik. Üstünlük tərəfimizdə idi. Digər tərəfdən sevinirik ki, rəqibin qol vurmasına imkan vermədik.

 

- Matçdan əvvəl meydançanın vəziyyətinin yaxşı olmamağı barədə narazılıqlar səsləndirilmişdi. Ot örtüyü oyununuza təsir etdimi?

- Yaratdığımız qol epizodlarından istifadə edə bilməməyimizdə stadion amili rol oynamadı. Həmin anda dəqiqlik çatmadı. 90 dəqiqə ərzində qol vursaydıq, heç kim stadion amilini qabartmayacaqdı.

 

- Cavab qarşılaşması daha çətin keçəcək. Qrup mərhələsinə düşmək üçün “Qarabağ”ın şansı varmı?

- Səfərdə də bu cür oynamalıyıq. Rəqibdən qorxmamalıyıq. Çəkinsək, qorxsaq çətin olacaq.

 

- Hücuma keçməkdə çətinlik çəkirdiniz. Əksər hallarda irəli getmək əvəzinə topu arxaya göndərirdiniz...

- Hava çox isti idi. Topu tez-tez itirmək isə komandamızın ziyanına idi. Arxadan oynaya-oynaya 5-6 qol epizodu yaratdıq. Yəni səbrli olmaq, rəqibi düzgün dəyərləndirmək lazımdı. Topu tez itirsək rəqibdə qalacaq, nəticədə biz tez yorulacağıq.

 

- Deyəsən, rəqib sizi daha yaxşı öyrənmişdi?

- Elə olsaydı, onda onlar daha çox qol epizodu yaradar, taktiki gedişlərimizin qarşısını tez alardılar. Bu qədər qol şansı yaratmağımıza imkan verməzdilər. Əksinə, biz onları daha yaxşı öyrənmişdik.

 

- “Tvente” doğma meydanda necə oynayır?

- Onlar evdə də eyni oyun üslubuna üstünlük verirlər. Sadəcə, onların hücumlarına hazır olmalı, özümüz isə imkan yaradan zaman maksimum istifadə etməliyik. Səfərdə qol buraxmamaq ilk işimiz olmalıdı. Onlar doğma meydanda oynayacağından üstünlük tərəflərində olacaq. Daha yaxşı hazırlaşmalıyıq.

 

- “Qarabağ” “Tvente” ilə bir neçə il əvvəl də qarşılaşıb. İndiki komanda ilə əvvəlki arasında fərq varmı?

- Əvvəlki heyətdə tanınmış oyunçular daha çox idi. Hazırkı komandanı isə gənclər təşkil edir. Bunlar perspektiv vəd edən futbolçulardı. Müqayisə etməyin yeri yoxdu, amma fərq var. Əvvəlki “Tvente” daha güclü idi.

 

- “Zalsburq”la müqayisədə necə, “Tvente”ni zəif hesab etmək olarmı?

- Avropa komandaları hər zaman yaxşı formada olurlar. Hollandiya çempionata daha çətin, güclüdür. Ona görə “Tvente”ni daha güclü hesab edirəm. Bu gün 1 qol vursaydıq, oyun başqa səmtə yönələnəcəkdi. “Tvente”yə qarşı oynamaq daha rahatdı. Çünki həm özləri oynayır, həm də oynamağa imkan verir.

0