[b]Bürünc də əldən getdi[/b] - YENİLƏNİB
27.08.2014 - 15:25
[b]Bürünc də əldən getdi[/b] - YENİLƏNİB

Rusiyanın Çelyabinsk şəhərində keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günü Azərbaycan millisinin daha 2 idmançısı - Rüstəm Orucovla Kifayət Qasımova tatamiyə çıxıblar. Lakin onlar da komandamızın aktivinə medal yazdıra bilməyiblər.

 

Kişilər

73 kq

Yığmamızın aparıcı üzvlərindən Rüstəm Orucov mundialda ilk görüşünü isveçli Tomi Makiasa qarşı keçirib. Döyüş cüdoçumuz üçün asan alınıb və o, rəqibini cəimi 63 saniyəyə ippona salıb.

 

Həmyerlimiz növbəti mərhələdə Vadzim Şoka (Belarus) ilə gücünü yoxlayib. O, bu dəfə də rəqibinə heç bir şans verməyərək, görüşü vaxtından öncə bitirib. Şoka qarşılaşmanın başa çatmasına 7 saniyə qalmış ippona düşərək, mübarizəni dayandırıb.

 

Orucov 1/16 finalda hollandiyalı Deks Elmontla qüvvəsini sınayıb. Görüş çətin alınsa da, cüdoçumuz qələbə seriyasını davam etdirib. O, 2 dəq 21 saniyəyə Elmontu da ippona salıb.

 

Təmsilçimizin növbəti mərhələdə rəqibi Laşa Şavdatuaşvili (Gürcüstan) olub. Rüstəm bu dəfə də tatamini qələbə ilə tərk edərək, 1/4 finala vəsiqə qazanıb. O, yarımfinala gedən yolda yaponiyalı Riki Nakaya ilə münasibətinə aydınlıq gətirib. Amma idmançımızın uğurlu seriyasını asiyalı qıraraq, onun çempionluq şanslarının üstündən xətt çəkib.

 

Buna baxmayaraq, Rüstəm təsəlliverici görüşə qatılıb. Rusiyalı Musa Moquşkovla qarşılaşan həmyerlimiz yenə məğlub olaraq, bürünc medal uğrunda görüşdən də məhrum olub. O, dünya çempionatını 7-ci yerdə başa vurub.

 

Qadınlar

57 kq

Yığmamızın lideri Kifayət Qasımova 5 il öncə Hollandiyada qazandığı dünya çempionatının bürünc medalını bu dəfə daha yüksək əyarlı mükafata dəyişmək arzusunda olsa da, bu istəyini həyata keçirə bilməyib. O, bunun üçün ilk cəhddə Ana Karmayklla (ABŞ) üz-üzə gəlib. Təmsilçimiz rəqibini məğlub etməkdə çətinlik çəkməyib. Qasımova 2 dəqiqə 23 saniyəyə təmiz qələbə qazanıb. 

 

Təəssüf ki, bu qələbə xanım cüdoçumuz üçün birinci və sonuncu olub. İkinci görüşündə Sabrina Filzmoserlə (Avstriya) güləşən Kifayət özü ippona düşərək, dünya çempionatı ilə vaxtından öncə vidalaşıb.

 

Qeyd edək ki, mundialın ilk günündə İlqar Müşkiyevlə Orxan Səfərov (hər ikisi 60) mükafat qazana bilməyib. Elxan Məmmədovla Elmar Qasımov (hər ikisi 100 kq) isə yarışa 2 gün sonra qoşulacaqlar.

0