[b]Yeni tarixin bir addımlığında[/b]
27.08.2014 - 10:50
[b]Yeni tarixin bir addımlığında[/b]

Sabah Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq.  Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində baş tutacaq matçlarda iki Azərbaycan klubu da iştirak edəcək. 5 il əvvəl də iki komanda ilə təmsil olunduğumuz mərhələni indiyədək yalnız “Neftçi” adlayıb. Hər iki təmsilçimizin bunu bacarması isə bir mövsüm üçün əldə olunan tarixi nailiyyət olacaq.

 

Bunlar ötən mövsümü titulla başa vuran klublardır. Azərbaycan çempionu “Qarabağ” tarixində ilk dəfə qrup mərhələsinə çıxmaq üçün Hollandiyada uğur qazanmalıdır. Tarixində 4-cü dəfə pley-offa yüksələn, amma hər dəfə uduzan Ağdam təmsilçisi “Neftçi”nin iki il əvvəlki tarixi nailiyyətini təkrarlamaq iddiasındadır. 

 

Bunun üçün Qurban Qurbanovun yetirmələri mütləq qol vurmalıdır. Bakıdakı qolsuz heç-heçədən sonra ağdamlılar mərhələ adlamaq üçün rəqib qapısına yol tapmalıdır. Təmsilçimiz bunu bacarmasa, qolsuz heç-heçədən sonra penaltilər seriyasına ümid etməli olacaq. 5 il əvvəl Hollandiyada 1:3 hesabı ilə uduzan komandamızı qollu bərabərlik də qane edir.

 

2012/13 mövsümündə tarix yazan, qrup mərhələsində çıxış edən ilk Azərbaycan klubu olan “Neftçi” isə artıq ikinci dəfə avrokubokların əsas hissəsində oynamağa yaxındır. Bunun üçün “ağ-qaralar” Serbiya “Partizan”ını keçməlidir. Bakılılar müəyyən fasilədən sonra yenidən doğma Respublika stadionuna meydan sahibi kimi çıxacaq.

 

Uzun illər bu arenada çıxış edən “Neftçi” səfərdəki 2:3 hesablı məğlubiyyətini əvəzini çıxmalıdır. Böyükağa Hacıyevin yetirmələri səfərdə 2 qol vurduğundan təmsilçimizi minimal hesablı qələbə də qane edir. 1:0 və 2:1 hesablı qələbələrlə də qrupa yüksələcək “ağ-qaralar” Karlos Kardosonun cəzasının başa çatması, Nikolas Kanalesin qayıdışdan sonra komandaya uyğunlaşmasından da yararlanmalıdır.

 

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

28 avqust

 

21:00. "Neftçi" - "Parizan" (Serbiya)

Hakimlər: Robert Şorgenhofer, Matias Vinsauer, Roland Brandner, Dominik Ouşhan (hamısı Avstriya)

UEFA nümayəndəsi: Kris Bellon (Belçika)

Hakim-inspektor: Mişel Votro (Fransa)

Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 2:3

 

22:30. "Tvente" (Hollandiya) - "Qarabağ"

Hakimlər: Paolo Silvio Mazzoleni, Lorenzo Manganelli, Alessandro Petrella, Sebastyano Peruzzo (hamısı İtaliya)

UEFA nümayəndəsi: Eduard Prodani (Albaniya)

Hakim-inspektor: Kostas Kapitanis (Kipr)

Enshede. Tvente stadionu

İlk oyun – 0:0

0