Saşa İliç: “Neftçi” azarkeşləri bizim üçün problem olmamalıdır
27.08.2014 - 13:07
Saşa İliç: “Neftçi” azarkeşləri bizim üçün problem olmamalıdır

“Yaxşı haldır ki, biz ilk oyunda nəticəni xeyrimizə dəyişə bildik. İlk dəfə deyil ki, biz oyunun əvvəllərində 0:2 hesabı ilə uduzuruq. Halbuki Avroliqada oynamaq istəyən ciddi komandada belə olmamalıdır”. Apasport.az saytının məlumatına görə, bunu “Partizan”ın kapitanı Saşa İliç deyib.

 

2007-2008-ci illərdə “Qalatasaray”da çıxış etmiş İliç cavab qarşılaşması haqqında fikirlərini bildirib. O, “Neftçi” ilə ilk matçda buraxdıqları səhvlərdən və Bakıdakı qarşılaşmadan danışıb: “Səhvlərdən qollar buraxdıq. Belə səhvləri minimuma endirməliyik. Bakıdakı matç Belqraddakından tamam fərqli olacaq. Üstünlüyümüzü qoruyub saxlamaq asan olmayacaq. Çünki rəqibin səviyyəsi bizimki ilə eynidir. İntizamlı oynamalı və bütün taktiki tapşırıqlara riayət etməliyik. “Neftçi” bizim qapımıza doğru hücum edəcək. Ancaq məqsədimiz cavab oyununda da rəqibin qapısına yol tapmaqdır. İnanıram ki, 2 ildən sonra biz yenidən Avroliqanın qrup mərhələsində çıxış edəcəyik”.

 

36 yaşlı hücumameyilli yarımmüdafiəçi 2 il əvvəl “Partizan”ın heyətində “Neftçi”yə qarşı oynadığı Tofiq Bəhramov adına Respublika stadionu haqqında isə bunu bildirib: “Bu, Olimpiya stadionudur. Ona görə də azarkeşlərin səsi gurultulu olmaya bilər. Sıralarımızda təcrübəli oyunçular var. Biz Bakıda olacaq atmosferdə çox matç keçirmişik. Bu üzdən rəqib komandanın azarkeşləri bizim üçün problem sayılmamalıdır. Biz sadəcə öz oyunumuza köklənməli və “Neftçi”ni turnirdən uzaqlaşdırmaq üçün əlimizdən gələn hər şeyi etməliyik”.

 

0