[b]“Qarabağ”ın rəqibi 4 dəfə ad dəyişdirib[/b]
29.08.2014 - 17:10
[b]“Qarabağ”ın rəqibi 4 dəfə ad dəyişdirib[/b]

“Qarabağ”ın Avroliqada rəqiblərindən olan “Dnepr” 1918-ci ildə yaradılıb. Apasport.az saytının məlumatına görə, Dnepropetrovsk şəhərini təmsil edən klubun adı şəhərdən keçən Dnepr çayı ilə bağlıdır.

 

Ancaq bu komandanın adı əvvəllər başqa olub. “Dnepr” 1918-1925-ci illərdə BRİT (Bryanski İşçi Sənaye Texnikumu), 1925-1936-da “Petrovets” (Petrovski adına zavodu təmsil etdiyi üçün – red.), 1936-1949-da “Stal”, 1949-1961-də isə “Metallurq” adı ilə SSRİ çempionatında çıxış edib. Yalnız 1961-ci ildən bu yana komanda indiki adı ilə tanınmağa başlayıb.

 

SSRİ çempionatının sonlarına doğru uğurla çıxış edən “Dnepr” 1983 və 1988-ci illərdə ölkə çempionu olub. 2 dəfə “imperiya”nın gümüş medalçısı olan “ağ-göylər” 2 dəfə də Ukrayna ikinciliyinə kimi yüksəlib. Sonuncu gümüş medallar məhz ötən mövsüm əldə olunub. 2 dəfə SSRİ, 5 dəfə Ukraynanın bürünc medalları da “Dnepr”dədir. Bu klub 1 dəfə SSRİ kubokunu, 2 dəfə də SSRİ Federasiya kubokunu başı üzərinə qaldırmaqla yanaşı 1989-cu ildə Superkuboka da yiyələnib.

 

“Qarabağ”dan fərqli olaraq, “Dnepr” 5-ci dəfə qrup mərhələsində çıxış edəcək. Komanda yalnız 1 dəfə qrupdan 1/16 finala çıxmağı bacarmayıb. “Dnepr” pley-off mərhələsində Xorvatiyanın “Hayduk” klubundan üstün olub (2:1; 0:0). Ukraynalılar “Hayduk”dan əvvəl Çempionlar Liqasının III təsnifat mərhələsində “Kopenhagen” (0:0; 0:2) səddini keçə bilmədiklərindən, hazırda Avroliqada mübarizə aparır.

 

Komandanın baş məşqçisi məşhur ukraynalı çalışdırıcı Miron Markeviçdir. 63 yaşlı çalışdırıcı bu ildən “Dnepr”ə rəhbərlik edir. Komandanın kapitanı isə ötən mövsümə kimi Ukrayna yığmasının mərkəz yarımmüdafiəçisi Ruslan Rotan olub. O indi sərbəst futbolçu ünvanına sahibdir. “Dnepr”də Rumıniya, Çexiya, Gürcüstan, Xorvatiya, Braziliya və Portuqaliyadan legionerlər çıxış edir. 2005/06 mövsümündə “Qarabağ”ın şərəfini qorumuş Sergey Kravçenkonun bu komandada çıxış etməsi isə maraqlı fakt olaraq qalır.

 

“Dnepr” ev oyunlarını “Dnepr-Arena”da keçirir. 2008-ci ilin sentyabrın 14-də açılan arena 31003 tamaşaçı tutumuna malikdir.

 

 

 

 

0