“Qarabağ”ı inandırmağa çalışacağıq ki, Dnepropetrovskda oynamaq təhlükəsizdir”
30.08.2014 - 17:52
“Qarabağ”ı inandırmağa çalışacağıq ki, Dnepropetrovskda oynamaq təhlükəsizdir”

 Biz Dnepropetrovskda oynamaq üçün hər şey edəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın “Dnepr” klubunun baş direktor müavini Dmitri Pelin deyib.

 

Ukrayna ilə Rusiya arasında siyasi gərginlik olduğundan, “Dnepr” oyunlarını şimal qonşularımıza yaxın olan Dnepropetrovsk şəhərində keçirməyə bilər. Məhz bu üzdən “ağ-göylər” “Kopenhagen”lə Çempionlar Liqası və “Hayduk”la Avroliqa matçlarını Kiyevin Olimpiya stadionunda keçirməli olmuşdu.

 

Pelinin sözlərinə görə, onlar oyunların “Dnepr Arena”da baş tutması üçün “İnter”, “Sent-Etyen” və “Qarabağ”ın nümayəndələrini razı salmalıdırlar: “Bildiyiniz kimi, yekun söz UEFA-ya məxsusdur, “Dnepr”ə yox. Ona görə də mənə demək çox çətindir ki, komanda harda oynayacaq. Biz rəqiblərimizi və UEFA-dan olan məmurları inandırmağa çalışacağıq ki, Dnepropetrovskda oynamaq təhlükəsizdir. Ancaq onlar necə qərar verəcək, bunu bilmirik. Yaxın 7-10 günə vəziyyətə aydınlıq gələcək”.

 

Qeyd edək ki, “Qarabağ” oktyabrın 23-də “Dnepr”in qonağı olacaq. UEFA-nın saytı ilkin olaraq bu oyunun keçirilmə yeri kimi hələ ki “Dnepr Arena”nı göstərib.

 

0