Elxan Məmmədov: Əvvəlki komandadan cəmi 2 futbolçu qalıb - MÜSAHİBƏ
01.09.2014 - 10:00
Elxan Məmmədov: Əvvəlki komandadan cəmi 2 futbolçu qalıb - MÜSAHİBƏ

AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Bakıda təşkil olunan Çimərlik futbolu üzrə Avropa Kuboku başa çatdı. Millimizin sonuncu pilləni tutduğu turnir haqda fikirlərinizi bilmək istərdik...

- Bizim üçün sevindirici hal odu ki, cəmi 3 ay bundan öncə Azərbaycanda bu turniri keçirmə imkanımızın olduğunu öyrəndik. Bu turnir əvvəl Ukraynada keçirilməli idi. Amma Ukraynada siyasi vəziyyət nəzərə alınaraq, bizə müraciət olundu. Biz də bunu müsbət cavablandırdıq. Çünki bilirdik ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Yay Olimpiya Oyunlarında çimərlik futbolu da var. Artıq deyə bilərik ki, biz Bakı-2015-ə hazırıq. Avropa Kuboku bizim üçün bir test idi. İlk dəfə bu turniri 2008-ci ildə keçirmişdik. Çox qısa müddətə verilməsinə baxmayaraq, turnirin təşkilati işlərini görməyi bacardıq. Gənclər və idman naziri Azad Rəhimov da bu məsələdə bizə öz tövsiyələrini verdi. Bu, gələcəkdə nəzərə alınacaq. Öz tərəfdaşlarımıza, sponsorlarımıza və təbii ki, nazirliyə bu turnirin keçirilməsində verdikləri dəstəyə görə "çox sağol" demək istəyirəm.

 

- Azərbaycan yığması 6 komanda arasında sonuncu oldu. Bu barədə nə deyə bilərsiniz?

- Təbii ki, məğlubiyyət heç vaxt bizi razı sala bilməz. Ancaq nəzərə alın ki, 2008-ci ildə İsveçrəyə 1:6 hesabı ilə yenilmişdiksə, 6 ildən sonra bu komandaya 8:9 hesabı ilə məğlub olduq. Bir az həmin oyunda bəxtimiz də gətirmədi. Gördüyünüz ki, əvvəlki komandadan cəmi 2 futbolçu qalıb. Bunlar Zeynal Zeynalovla qapıçımız Emin Kürdovdur. Digər futbolçularımız isə çimərlik futbolunda yenidir. Hesab edirəm ki, komandamız Avropa Oyunlarına tam hazır olacaqlar.

 

- Nazir Azad Rəhimovun mükafatlandırılma mərasiminə qalacağı gözlənilirdi. Amma o, millimizin oyununu izlədikdən sonra Bilgəhi tərk etdi. Səbəb nə idi?

- Nazir əvvəldən demişdi ki, bu gün işlə bağlı planları var. Planında mükafatlandırılmada iştirak etmək yox idi. Komandamıza baxmaq istəyirdi, ona da baxıb getdi (gülür).

 

- Futbol üzrə Azərbaycan yığması sentyabrın 3-də Rusiya ilə qarşılaşacaq. Bolqarıstanla seçmə mərhələ oyunu öncəsi "kartlar"ımızı aça biləcəyimizi düşünmürsünüz?

- Bu, bizim tsikl öncəsi son yoldaşlıq oyunumuz olacaq. Ona görə də baş məşqçi və komanda əlindən gələnin ən yaxşısını etməlidi. Hesab edirəm ki, Rusiya yaxşı rəqibdi. Rusiya Futbol İttifaqı bu matçı sentyabrın 4-5-də oynamaq istəyirdi. Amma biz onlara dedik ki, Rusiyaya gəlməyə razıyıq, yalnız ayın 3-də oynayacağıq. Belədə sentyabrın 4-də Bakıya qayıdacaq komandamızın Bolqarıstanla matça hazırlaşmağa 4-5 gün vaxtı olacaq.

 

- Klublarımızın avrokuboklardakı çıxışı ilə bağlı nə deyə bilərsiniz?

- "Qarabağ"ı Avroliqanın qrupuna düşməsi münasibətilə təbrik edirik. Sevindirici haldır ki, artıq ikinci dəfədir klublarımız bu turnirin həlledici mərhələsinə vəsiqə qazanırlar. Az da olsa bu, Azərbaycan futbolunun sabitliyini göstərir. Bunu etiraf etməliyik. "Neftçi"nin də Avroliqada oynamaq şansı var idi. Təəssüf ki, onlar bu şansdan yararlana bilmədilər. Etiraf edək ki, "Qarabağ" hazırda ölkənin ən güclü komandasıdır və onlar bu turnirdə olmağa layiqdirlər. İnanaq ki, onlar ölkəmizi orda layiqincə təmsil edəcək.

                                       

- "Qarabağ"ın qrupundakı komandaları necə qiymətləndirirsiniz?

- "İnter" 2 il əvvəl Bakıya gələndə gənc komanda qurmuşdu. İndi artıq həmin oyunçular 2 ildir ki, bir yerdədir və bir-birlərini yaxşı tanıyırlar. Sözün düzü, "Dnepr"in oyununu son vaxtlar görməmişəm. "Sent-Etyen"i isə martda "Marsel"ə qarşı oynayarkən görmüşəm. Onların da yaxşı komandası var. "İnter" gənc futbolçulardan ibarət olsa da, klubun adı hər şeydən xəbər verir...

 

- Onda püşkü təmsilçimiz üçün uğurlu adlandırmaq olmaz? Daha asan rəqiblər düşə bilərdi...

- Bəli. Amma daha güclü rəqiblər də düşə bilərdi. Bunu da demək lazımdır (gülür).

 

- AÇ-2020 ilə bağlı işlər nə yerdədir?

- Səbirsizliklə sentyabrın 19-nu gözləyirik. İnanırıq ki, UEFA seçim zamanı 13 şəhər arasında Bakını da göstərəcək. Bildiyiniz kimi, sifariş kitabımızı da UEFA-ya təqdim etmişik. Şansımız var. Amma 19 şəhərdən 13-ü seçiləcək. Ən problemlisi odur ki, biz rəqiblərimizin necə hazırlıq gördüyündən xəbərsizik. Ona görə də çətin olacaq.

 

- Tofiq Bəhramov adına Respublika stadionu nazirliyin balansında olsa da, yığma və klublarımız oyunlarını burda keçirir. Təəssüf ki, arenanın qazonu ürəkaçan deyil. Bu məsələdə AFFA-nın nə kimi köməyi ola bilər?

- Əminəm ki, nazirlik və stadion rəhbərliyi də istəməz ki, mərkəzi arena bu vəziyyətdə olsun. Təəssüf ki, orda fors-major halı nəticəsində stadion bu hala düşüb. Stadion bizim balansımızda olmasa da, bu o demək deyil ki, AFFA kənara çəkilib baxacaq. Biz artıq son 2 gündə stadion rəhbərliyi  və nazirliklə danışıqlara başlamışıq. Əlimizdən gələni etməliyik ki, sentyabrın 18-də "Qarabağ"ın "Sent-Etyen"lə oyunu zamanı stadionun durumu orta yox, yaxşı vəziyyətdə olsun. Artıq qrup mərhələsidir. Azərbaycan çempionatında hərdən bu mənzərəyə gözümüzü bağlaya bilərik. Amma avrokuboklarda belə hal qətiyyən olmamalıdır. Üstəlik, sentyabrın 19-da AÇ-2020 ilə bağlı qərar qəbul edilməmişdən 1 gün öncə "Qarabağ"ın orda ideal qazonda oynaması ölkəmiz adına xeyirdir. AFFA istər mütəxəssis cəlb etmək, istərsə də maddi baxımdan nazirlik və stadion rəhbərliyi ilə əl-ələ verib mərkəzi arenanı gözəl vəziyyətə qaytarmağa çalışacaq.

 

Səbuhi TOFİQOĞLU

0