“Azərbaycanla oyundakı qələbə ad günümə yaxşı hədiyyə olar”
02.09.2014 - 08:48
“Azərbaycanla oyundakı qələbə ad günümə yaxşı hədiyyə olar”

“AVRO-2016-nın seçmə mərhələsindəki hədəfimiz Fransadakı həlledici turnirə vəsiqə qazanmaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan milli komandasının baş məşqçisi Lyuboslav Penev deyib.

 

AVRO-2016-nın seçmə mərhələsinin sentyabrın 9-da Azərbaycanla Bakıda keçiriləcək ilk oyununun hazırlıqlarına start verən balkanlıların çalışdırıcısı mətbuat konfransı keçirib: “İvan İvanovun Azərbaycana aparılmayacağı əvvəldən aydın idi. Amma onu yığmaya çağırdıq ki, durumu ilə yaxından tanış olaq. Bizim komanda dünya futbolunun nəhənglərindən deyil. Bu üzdən də inkişaf etmək üçün çox məşq etməliyik. Həmişə qarşımıza ən yüksək hədəflər qoymuşuq. Seçmə mərhələdə də ən pis halda pley-offda oynamalıyıq. Ötən seçmə mərhələlərdə əldən buraxdığımızı bu dəfə qazanmaq istəyirik”.

 

Avqustun 31-də 48 yaşını qeyd edən Penev Bakıdakı oyundan ad günü hədiyyəsi gözləyir: “Azərbaycanla oyundakı qələbə təkcə mənə və ad günümə deyil, hamımıza yaxşı hədiyyə olar. Hər bir komanda seçmə mərhələyə 3 xalla başlamaq istəyir. Azərbaycan yığması haqda kifayət qədər məlumatımız var, onları yaxşı təhlil etmişik. Rəqibimiz Rusiya ilə oyunu da var ki, bu matçı da izləyəcəyik. Elə digər rəqiblərimiz Xorvatiya ilə Norveçi də araşdıracağıq. Oynayacağımız komandaları daha yaxşı öyrənmək üçün çox çalışacağıq”.

0