Qurban Qurbanov: Bakıda stadionun yarıdan çoxu qarabağlılardır
02.09.2014 - 11:24
Qurban Qurbanov: Bakıda stadionun yarıdan çoxu qarabağlılardır

“Sentyabrın 18-nə kimi vaxtımız var. Rəqiblərimizi bu müddətə kimi yaxından tanımağa çalışacağıq. Hədəfimiz həmişəki kimi azarkeşlərimizi sevindirmək və onlara yaxşı oyun bəxş etməkdir”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ötən mövsüm çempion kimi Ağdamın Quzanlı qəsəbəsinə gələn “Qarabağ” adıçəkilən yerdə böyük coşqu ilə qarşılanıb. Çempionluq kuboku əvvəlcədən söz verildiyi kimi Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədova təqdim olunub. Bu missiyanı klubun vitse-prezidenti Tahir Gözəl yerinə yetirib.

 

Tədbirdən sonra Qurban Qurbanov brifinq keçirib. Qurbanov uğurlu nəticələrlə ağdamlıların çəkdiyi acılarını unutdurmağa çalışdıqlarını bildirib: “Heç bir Avroliqa oyununa məğlub olmaq üçün çıxmayacağıq. Çalışacağıq ki, ən azından yaxşı oyun göstərək və uğurlu nəticə qazanaq. Hər bir turnirdə maksimum yer üçün çalışmaq bizim hədəfimizdir. “Qarabağ” azarkeşləri tədricən keçmişdəki acı günləri yaddan çıxarır. Biz də ona çalışırıq ki, bu pis günləri oyunumuzla onların yaddaşlarından silə bilək və az da olsa onları sevindirək”.

 

Çalışdırıcı Bakıda, yoxsa Ağdamda daha çox azarkeşlərinin olması ilə bağlı verilən suala isə belə cavab verib: “Bizim ən çox azarkeş dəstəyimiz Quzanlıda başlayıb. Bu, çempionat oyunları zamanı baş verib. Amma Avroliqa baxımından, düşünürəm ki, Bakıda oyunlarımıza daha çox azarkeş gəlir. Biz paytaxtda da özümüzü yad hiss etmirik. Orda stadionun yarıdan çoxu bəlkə də qarabağlılardır. Sadəcə, biz onları tanımırıq. Amma danışıqlardan şübhə etmirəm ki, stadionun yarısı qarabağlılardır. Ona görə də özümüzü Bakıda Qarabağdakı kimi hiss edirik”.   

0