[b]30-cu qələbə üçün[/b]
02.09.2014 - 14:01
[b]30-cu qələbə üçün[/b]

Sabah Rusiya ilə keçiriləcək yoldaşlıq oyunu Azərbaycan yığmasının tarixində 207-ci qarşılaşma olacaq. Apasport.az saytının məlumatına görə, ilk matçını 1992-ci ilin sentyabrın 17-də Gürcüstanla səfərdə keçirən komandamız Bakıdakı görüşədək 206 oyuna çıxıb.

 

Rusiya paytaxtı Moskvanın “Ximki Arena” stadionunda keçiriləcək oyuna qədər 38 qələbə qazanan millimiz 56 dəfə heç-heçə ilə kifayətlənib. 112 dəfə meydanı başıaşağı tərk edən millimiz uduzmasa, 95-ci məğlubiyyətsiz oyunu olacaq. Futbolçularımız yığmanın görüşlərində 146 dəfə rəqib qapısına yol tapıblar. Bu qarşılaşmalarda qapıçılarımız 348 topun buraxılmasına üzülüblər.


2014-cü ilin 4-cü qarşılaşması yığmamızın yoldaşlıq görüşləri və yoxlama xarakterli turnirlərdə 109-cu oyunu olacaq. Belə matçlarda 29 qələbə qazandığımızdan, Berti Foqtsun yetirmələri Rusiyada qələbə qazana bilsə, 30-cu dəfə yoldaşlıq oyununda qalib gəlmiş olacaq.

 

Belə oyunların 37-də heç-heçə qeydə alınıb, 41 dəfə isə qalib gələn rəqib olub. 98 dəfə rəqib qapılarına yol tapan yığmamız 2 dəfə fərqlənməklə, 100-ə də çata bilər. Qapıçılarımız isə 134 top buraxıb.

Bu görüş millimizin 68 yaşlı baş məşqçisi Foqtsun postunda 68-ci oyunudu. 6 ildir yığmamıza rəhbərlik edən almaniyalı mütəxəssis indiyədək 67 qarşılaşmada komandanın “sükanı arxasında” olub.

Həmin görüşlərdə futbolçularımızın 15 qələbəsi, 22 heç-heçəsi və 30 məğlubiyyəti var. Foqts 54 qolun sevincini yaşayıbsa, rəqiblər isə millimizin qapıçılarını 90 dəfə məyus edib. Əvvəlki 67 görüşün 37-si yoxlama matçı olub. Bu matçlarda 13 heç-heçəsi və 13 məğlubiyyəti olan yığmamız 11 qələbə qazanıb. Yoxlama oyunlarında almaniyalı 33 dəfə yetirmələrinin, 39 dəfə rəqiblərin qolunu görüb.

 

Moskvadakı matç yığmamızın 3 üzvü üçün yubileylə əlamətdar ola bilər. Belə ki, Rəşad Sadıqov, Rauf Əliyev və Cavid Hüseynov “üçlüy”ündən kim meydana çıxsa, yubiley oyununun iştirakçısı olacaq. Millidəki oyun sayında mütləq rekordçumuz olan Sadıqov üçün bu oyun 90-cı ola bilər. Digər iki futbolçu üçün isə 40-cı dəfə yığma forması geymək imkanı yaranıb.

 

Qeyd edək ki, indiyədək 64 komanda ilə qarşılaşan millimiz 5-ci dəfə Rusiya ilə üz-üzə gələcək.

 

0