“Bu, Bolqarıstanla oyuna köklənməyimizə müsbət təsir edəcək” - MÜSAHİBƏ
02.09.2014 - 14:30
“Bu, Bolqarıstanla oyuna köklənməyimizə müsbət təsir edəcək” - MÜSAHİBƏ

Yığmamızın və “Qarabağ” klubunun yarımmüdafiəçisi Vüqar Nadirovun apasport.az saytına müsahibəsi

 

- Millimiz sabah Rusiya ilə yoxlama matçı keçirəcək. Bu oyunla bağlı nə düşünürsünüz?

- Yoldaşlıq oyunu olsa da, yaxşı nəticə qazanmaq vacibdir. Çünki bu dueldən sonra bizi Bolqarıstanla rəsmi matç gözləyir. Moskvadakı uğurlu nəticə Bolqarıstanla oyuna köklənməyimizə müsbət təsir edəcək.

 

- Həm Rusiya, həm də Bolqarıstan güclü rəqiblərdir. Bir həftə ərzində iki belə oyun keçirmək sizi yormayacaq?

- Bu, bizim işimizdir. Futbolu seçmişiksə, bütün əzab-əziyyətinə də dözməliyik. Yorğunluq olmayacaq. Çünki oyunlar arasında bir həftəyə yaxın vaxt olacaq.

 

- Bolqarıstanla oyun öncəsi bu yoxlama matçı komandamıza nə verəcək?

- Nəticədən çox şey asılıdır. Yenə deyirəm, uğurlu nəticə əldə etsək, Bolqarıstanla duelə köklənmək baxımından yaxşı olacaq. Qərarı AFFA rəhbərliyi və baş məşqçi verib. Xeyiri dəyəcəyinə inanıram.

 

- Seçmə mərhələyə necə başlayırsansa, o cür də davam edirəsən. Bolqarıstanla oyundan nə gözləyək?

- Rusiya ilə necə oynayacağıqsa, Bolqarıstanla da elə başlayacağıq. Azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Çalışacağıq ki, onlar stadiondan sevinərək ayrılsınlar.

 

- Püşk atıldıqdan sonra əksəriyyət yığmamızın üçüncü yeri tuta biləcəyinə iddia edir. Bu nə dərəcədə realdır?

- Əlimizdən nə gəlir, edəcəyik. Biz də uğur qazanmaq, qələbələr əldə etmək istəyirik. Bunun üçün də çalışırıq.

 

- Topaz Premyer Liqasının IV turunda “Bakı” ilə oyun (2:2) haqda nə deyə bilərsiniz?

- Rəqibin heyətində gənclər üstünlük təşkil etsə də, biz meydana arxayın çıxmamışdıq. Yenə ciddi hazırlıq keçmişdik. Əsas heyətin bir neçə üzvünün olmaması təsirsiz ötüşmədi. Bizdə də gənc futbolçular çox idi.

 

- Hər şey ikinci hissənin əvvəlində baş verdi. Niyə belə zəif çıxış etdiniz? Halbuki fasilədən sonra edilən dəyişikliklər heyəti gücləndirmişdi.

- Hesabı biz açdıq. Bundan sonra kimsə düşünə bilər ki, yəqin arxayınlaşmışıq. Ancaq elə şey olmayıb. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Çünki aktivimizdə qələbə yoxdur. Görünür, qismət belə imiş.

 

- Artıq 4 tur arxada qaldı. Ehtiyatda bir oyununuz qalsa da, qələbəniz yoxdur. Son çempion üçün bu cür başlanğıc nə dərəcədə normaldır?

- Çempionat yeni başlayıb. Hər şeyi avrokuboklardakı çıxışımızla bağlamaq olmaz. Toparlanmalıyıq. Qarşıdakı oyunlarda itirdiyimiz xalları bərpa etməliyik.

 

- Qarşıdan qrup mərhələsinin oyunları gəlir. Həm çempionat, həm qitəmiqyaslı oyunlar, həm də ölkə kubokunun görüşləri sizi yormuyacaq? Üstəlik, ilin sonuna qədər millinin də bir neçə rəsmi matçı var...

- Qrafik sıx olacaq. Bu məqamda bizə gücümüzü düzgün sərf etmək düşür. Elə etməliyik ki, bir-birimizi sığortalaya bilək.

 

- Avropa Liqasında şanslarınızla bağlı nə deyə bilərsiniz?

- Bu haqda danışmaq hələ tezdir. Rəqiblərimiz məlumdur. Hər biri ölkəsinin güclü klublarındandır. Ümumiyyətlə, Avropa Liqasının qrup mərhələsində zəif rəqib axtarmaq yersizdir. Hamısına hörmətlə yanaşırıq.

0