Fabio Kapello: Azərbaycanla qarşılaşma asan olmayacaq
02.09.2014 - 15:42
Fabio Kapello: Azərbaycanla qarşılaşma asan olmayacaq

Rusiya yığmasının baş məşqçisi Fabio Kapello sabah millimizlə keçirəcəkləri yoldaşlıq oyunundan öncə mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı yerli jurnalistlərin suallarını cavablandırıb.

 

- Niyə köməkçiliyinizə namizəd məşqçilər arasında məhz İqor Simutenkov və Sergey Semakın üzərində dayanmağa qərar verdiniz?

- Mənim onlarla söhbətim olmuşdu. Onlardan soruşdum ki, milli komandada işləmək istəyirlərmi? Cavab verdilər ki, yığmanın düşərgəsində olmaqdan şad olarlar. Onlar mənim köməkçilərimdir. Hazırda onlar mənim tələblərimə öyrəşərək məşqlərə baxır və izləyirlər. Onlar mənə hazırlıqları keçməkdə, oyunçularla ünsiyyət qurmaqda köməklik edirlər. İqorla italyan, Sergeylə isə ingiliscə danışırıq. Deyə bilərəm ki, yeni köməkçilərimlə gözəl münasibətlərim yaranıb. Bunlar keçmişin böyük xarizmalı, dahi oyunçularıdır. Onlar komandamıza hər bir futbolçuya ayrı-ayrılıqda çox şey verə bilər. Hər şeydən əvvəl Rusiya yığmasında ehtirasları alovlandıracaq.

 

- Siz hücumçu Artyom Dzyubanı DÇ-2014-ün heyətinə çağırmamışdınız. Amma indi ona dəvət göndərmisiniz. Bu müddətdə onda nə dəyişib ki?

- Mən Dzyubanın son 3 matçını izləmişdim. O xeyli yaxşı oynamağa başlayıb, çünki artıq çəkisini atıb. Əvvəl gözləyirdi ki, həmkarları ona başla vurmaq üçün asma edəcək. İndi isə çox hərəkət edir və komandasına çox xeyri dəyir. Bundan başqa, Dzyuba ilə işləyən adamlarla da danışmışam. Onların hamısı da mənim əvvəl dediyim fikirləri təsdiqlədilər. Təəssüf ki, indi Artyom ağrayır və evdə qalıb.

 

- Siz komandaya bir neçə yeni futbolçular çağırmısız. Xüsusəndə Qazinski, Rebrov və Polozda hansı cəhət sizi özünə nə cəlb etdi ki?

- Bunlar çox maraqlı gənc oyunçulardırlar. Mən bir aydan çoxdur ki, Moskvadayam. Bu müddətdə 15 matça baxmışam. Ola bilər ki, hətta daha çox olsun. Mənim nöqteyi-nəzərimdən bu futbolçular özlərini çox aydın göstərdilər. Fikrimcə, onlar Rusiya yığmasında olmaq hüquqlarını əldə ediblər. Milli komanda oyunçuları üçün lazım olan bütün keyfiyyətlər onlarda var. Onlar gəncdirlər, indi hər şey onlardan asılıdır.

 

- Azərbaycanla oyun Rusiya yığması üçün nə dərəcədə vacibdir? Komanda bu oyunu hansı üslubda keçirəcək?

- Kapitanımız Vasili Berezutskinin artıq dediyi kimi, Azərbaycan yığması ilə qarşılaşma asan olmayacaq. Bu komanda öz nəticələrini yaxşılaşdıraraq inkişafa nail olub. Sabahkı yoldaşlıq matçında 6 əvəzetmə imkanım olacaq. O futbolçulara şans verməyə hazırlaşıram ki, onlar az oynayıb və ya meydana ümumiyyətlə çıxmayıb. Biz yenidən o məsələyə qayıdırıq ki, Rusiya yığmasının heyətini yeniləmək lazımdır.

 

- Artıq 3 aydır ki, sizə maaş ödənilmir. Bu sizi narahat etmir ki və siz bununla bağlı olaraq Rusiya yığmasını tərk edə bilərsiz?

- Bu məni narahat etmir. İndi mən yalnız qarşıdakı Azərbaycan və Lixtenşteynlə matçlar haqqında düşünürəm. Maliyyə məsələləri isə məni heç maraqlandırmır.

 

- Siz artıq Azərbaycanla oyunun start heyətini müəyyənləşdirmisiz?

- Bəli, ancaq onu hələ ki açıqlaya bilmərəm. Bunu birinci yığmanın futbolçuları bilməlidirlər. Əgər bilmək istəyirsinizsə, start heyətdən bir oyunçunun familiyasını açıqlaya bilərəm. Bu, Akinfeyevdir.

 

- Siz Rusiya yığmasının oyun üslubunu dəyişəcəksiniz?

- Komandanın oyun üslubunu dəyişmək üçün müəyyən tipdə futbolçulara malik olmalısan. Rusiya komandalarının çoxu 3 hücumçu – 2 cinah və 1 mərkəz futbolçusu ilə oynayır. Baş məşqçinin ən əsas tapşırığı oyunçularda olan bütün keyfiyyətləri göstərməkdir. İstənilən halda, biz 4 müdafiəçi ilə oynamağa davam edəcəyik.

0