Muarem Muarem: Avropa Liqasını bəhanə etməməliyik - MÜSAHİBƏ
02.09.2014 - 16:05
Muarem Muarem: Avropa Liqasını bəhanə etməməliyik - MÜSAHİBƏ

“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muaremin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının IV turu çərçivəsində “Bakı” ilə matçda hər kəs asan qələbə qazanacağınızı gözləyirdi. Oyunu niyə bu qədər qəlizləşdirdiniz?

- Çempionat zamanı belə oyunlar da olur. Gözləmədiyimiz bir nəticə ilə barışmalı olduq. Bəlkə də oyundan əvvəl fikirləşirdik ki, udacağıq. Əslində isə heç bir oyuna bu cür yanaşmaq düzgün deyil. Hər bir oyuna ciddi hazırlaşmalı, konsentrasiya olmalıyıq. Gərək qarşıdakı oyunlarda bu itkiləri sığortalayaq.

 

- Siz sonradan meydana daxil olaraq, komandanızı məğlubiyyətdən xilas etdiz. 2:2 hesabı yorğunluğun təzahürü idi, yoxsa arxayınçılığın?

- Yorğunluq haqda danışmaq düzgün olmazdı. Çünki dincəlmək üçün 2 gün vaxtımız oldu. Baş məşqçi də digər futbolçulara şans verdi. Pis oynadığımızı deyə bilmərəm. Birinci hissədə yaxşı oynadıq. Fasilədən sonra onlar bir qədər fəallaşdı. Oyun 90 dəqiqədir, onu beynimizdə erkən bitirməməliyik.

 

- 3 oyundan sonra aktivinizdə cəmi 2 xal var...

- Yaxşı nəticə deyil. Bu nəticə heç kimi razı sala bilməz. Avropa Liqasını bəhanə etməməliyik. O ayrı, bu ayrı yarışdır.

 

- Artıq sıx qrafikdə oynayacaqsınız. İndidən yorğunluq haqda danışılırsa, qarşıdakı aylarda necə olacaq?

- Bəli, daha çətin olacaq. Həm dincəlməli, həm də oyunlara hazır olmalıyıq. Qrafik çox sıxlaşacaq. Avropa Liqası, Premyer Liqa, sonra kubok oyunları – hamısına hazırlaşmalıyıq. Gücümüzü bərabər bölməliyik. Hazırkı nəticələrə görə çox məyusuq.

 

- Qrupla bağlı nə deyə bilərsiniz?

- Qrup mərhələsinə vəsiqə qazandığımıza görə şadıq. Məqsədimiz də bu idi. “Tvente” ilə də yaxşı oynadıq. Qrupdakı rəqiblərimizin hamısı bir-birindən güclü komandalardır. Orada zəif rəqib yoxdur. Biz də bu cür yanaşırıq. “Qarabağ” da yaxşı komandadır. Mübarizə aparacağıq. Qrup oyunları mərhələ oyunlarından daha rahat olacaq. Çünki burda xal sistemidir. Hər şey 2 matçın nəticəsi ilə ölçülməyəcək. Yaxşı olacağını düşünürük.

 

- Yəqin ki, daha çox Bakıdakı oyunlarda qələbəyə can atacaqsınız?

- Hər bir oyun vacibdir. Evdə və ya səfərdə fərqi yoxdur, xal qazanmalıyıq.

 

- “Neftçi” qrup mərhələsinə düşən ilk klubumuz oldu. İlk qələbəni necə, “Qarabağ” qazana biləcəkmi?

- İndidən demək mümkün deyil. Oynamaq, mübarizə aparmaq lazımdır. Hər şey meydanda həll olunacaq.

0