[b]Levon Aronyan Bakıya gəlməkdən imtina etdi[/b]
10.09.2014 - 09:43
[b]Levon Aronyan Bakıya gəlməkdən imtina etdi[/b]

FİDE Qran-pri turnirinin 2014/2015 mövsümünün iştirakçılarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 1-də Bakıda start götürəcək yarışda Azərbaycanı 2 qrossmeyster – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər.

 

Bu, bir sıra aparıcı şahmatçıların Qran-pridə iştirakdan imtina etməsi səbəbindən reallaşıb. Belə ki, Maqnus Karlsen (dünya çempionu, Norveç), Vişvanatan Anand (dünya çempionluğu uğrunda oyunun iştirakçısı, Hindistan), Vladimir Kramnik (Dünya Kubokunun qalibi, Rusiya), Levon Aronyan (Ermənistan) və Veselin Topalov (hər ikisi 05.2013-04.2014 reytinqinə əsasən, Bolqarıstan) turnirdə çıxışlarını təsdiqləməyiblər. Onlardan fərqli, Dmitri Andreykin (Dünya Kubokunun finalçısı, Rusiya), Yevgeni Tomaşevski (Dünya Kubokunun yarımfinalçısı, Rusiya), Maksim Vaşye-Laqrav (Dünya Kubokunun yarımfinalçısı), Fabiano Karauna (İtaliya), Aleksandr Qrişuk (Rusiya) və Hikaru Nakamura (hər üçü 05.2013-04.2014 reytinqinə əsasən, ABŞ) yarışa qatılacaqlarını açıqlayıblar.

 

Nəticədə Məmmədyarovla yanaşı, Sergey Karyakin, Peter Svedler (hər ikisi Rusiya), Boris Gelfand (İsrail) və Leynier Dominques (Kuba) reytinqlərinə əsasən Qran-pridə oynamaq hüququ əldə ediblər. Həmçinin, Aniş Giri (Hollandiya) FİDE prezidentinin nominantı, Teymur Rəcəbov (Azərbaycan), Rüstəm Qasımcanov (Qazaxıstan), Ehsan Maqami (İran) və Dmitri Yakovenko (Rusiya) hər mərhələnin ev sahibi kimi turnirə qatılmaq şansı qazanıblar.

 

Qeyd edək ki, qaydalara əsasən, turnirə 16 şahmatçı qatılacaq və hər zəka sahibi 3 mərhələdə qüvvəsini sınayacaq. 4 ölkədə baş tutacaq 4 mərhələ oktyabrda başlayıb, gələn ilin mayında başa çatacaq.

 

Zəka sahibləri marafona Bakıda start verəcəklər. Ölkəmizdə keçiriləcək ilk mərhələ oktyabrın 1-dən 15-dək olacaq. Ardınca şahmatçılar Özbəkistan paytaxtı Daşkəndə səfər edəcəklər. Burada oktyabrın 20-dən noyabrın 3-dək baş tutacaq matlardan sonra Qran-pridə fasilə yaranacaq.

 

3-cü mərhələnin görüşləri 2015-ci ilin 14-28 fevralında İranın paytaxtı Tehranda oynanılacaq. Son mərhələyə isə Rusiya paytaxtı Moskva ev sahibliyi edəcək. Bu oyunlar həmin il mayın 13-27-də keçiriləcək.

0