DÇ-də V gün: Təhmasibi gümüş, Mürsəliyev bürünc qazandı - YENİLƏNİB
12.09.2014 - 18:41
DÇ-də V gün: Təhmasibi gümüş, Mürsəliyev bürünc qazandı - YENİLƏNİB


Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, mundialın beşinci günündə 63 kq çəki dərəcəsində qadın güləşçilər, 75 və 85 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb. Azərbaycan təmsilçiləri yarışın 5-ci gününü mundialın iki mükafatı ilə başa vurub.


Sərbəst güləş

Qadınlar

63 kq 
Yaqub Məmmədovun rəhbərlik etdiyi yığmamızın sonuncu üzvü Raqnetta Qurbanzadə yarışa 1/8 finaldan başlayıb. İdmançımızın ilk görüşdəcə məğlubiyyətə üzülüb. O, isveçli Katarena Yohanssona 0:11 hesabı ilə uduzub və rəqibi finala yüksələ bilmədiyindən mundialla erkən vidalaşıb.

Yunan-Roma güləşi

75 kq
Millimizin aparıcı güləşçisi Elvin Mürsəliyev ilk cəhddəcə ciddi sınaq qarşısında olsa da, ümidləri doğrultmayıb. O, 1/16 finalda Arsen Culfalakyana (Ermənistan) vaxtından əvvəl uduzub - 0:9. Rəqib finala kimi irəlilədiyindən, Mürsəliyev təsəlliverici görüşlərə qatılıb. Elvin öncə avstriyalı Florian Marçillə güləşib və təmiz qələbə qazanıb. Güləşçimizin növbəti rəqibi Xuan Eskobar (Meksika) olub və yenə qarşılaşma Mürsəliyevin xeyrinə başa çatıb - 4:1.

 

O, bürünc medal uğrunda gürcüstanlı Zurabi Datunaşvili üz-üzə gəlib. Təmsilçimiz 1:1 hesabı ilə başa çatan görüşdə son xalı qazanan olduğundan bürünc mükafata sahib çıxıb.

85 kq
Saman Təhmasibi 1/16 finalda Ramsin Azizşir (Almaniya) ilə üz-üzə gəlib. Gərgin keçən görüş təmsilçimizin qələbəsi ilə başa çatıb - 3:2. O, ardınca çinli Lianq Konqa (2:0) və gürcüstanlı Vladimir Qeqeşidzeyə (4:0) qalib gələrək, yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı Jan Belenyukla qarşılaşan milliləşdirilmiş legionerimiz yenə görüşü öz xeyrinə başa vurub - 4:0.

 

Dünya çempionatının gümüş medalçısı finalda bu dəfə daha yüksək əyarlı mükafat uğrunda Melonin Noumonvi (Fransa) ilə mübarizə aparıb. Təmsilçimiz 0:2 hesabı ilə məğlub olub və gümüş mükafatla kifayətlənib.



Qeyd edək ki, bu gün dünya çempionatında qadın güləşçilərin mübarizəsi yekunlaşır. Qadın güləşçilərin yarışında Yuliya Ratkeviç (60 kq) gümüş və Mariya Stadnik (48 kq) bürünc medal qazanıb.

 

0