Rahid Əmirquliyev: Adam danışmağa söz tapmır - MÜSAHİBƏ
13.09.2014 - 23:00
Rahid Əmirquliyev: Adam danışmağa söz tapmır - MÜSAHİBƏ

Topaz Premyer Liqasının V turunun “Neftçi” ilə səfər matçında vacib 3 xal itirən “Xəzər Lənkəran” turnir cədvəlində irəliləmək şansını da əldən vermiş oldu. Qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandıran “ağ-yaşıllar”ın kapitanı Rahid Əmirquliyev Flavinyo ilə aralarında baş verənlərə də aydınlıq gətirib.

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Bizi ağır qarşılaşmanın gözlədiyini bilirdik. Buna görə də yaxşı hazırlaşmışdıq. Həqiqətən də yaxşı oynadıq. Xüsusilə, ikinci hissədə bu qədər qol epizodu yaratmaq və bunlardan istifadə edə bilməmək... Adam danışmağa söz tapmır.

 

- Birinci hissənin ilk 20 dəqiqəsi “Xəzər Lənkəran”ın ərazi üstünlüyü şəraitində keçsə də, ani boşalma qolla nəticələndi. Həmin vaxt nə baş verdi?

- “Neftçi”nin vurduğu qol epizodunda ani səhvə yol verdik. Ümumiyyətlə, oyun ərzində bir səhvə yol verdik ki, o da qolla nəticələndi. Bunu gözləmirdik. Çünki oyuna biz  nəzarət edirdik. Sonra penalti qazandıq, rəqib azlıqda qaldı. Təəssüf ki, bundan istifadə edə bilmədik.

 

- Komanda yoldaşınız Qalin İvanovun penalti zərbəsini qola çevirə bilməməyi oyunun gedişinə nə dərəcədə təsiri oldu?

- Əlbəttə, xeyli təsir etdi. Ancaq fasilədən sonra çox üstün oynadıq, çoxsaylı qol epizodları yaratdıq. Bunlardan istifadə etmək lazımdır. İstifadə edə bilməyəndə, sonluq bu cür olur.

 

- Həmin şansları niyə realizə edə bilmədiniz?

- Ustalıq səviyyəsi çatmadı. Hər şey edirdik, amma son nöqtəni qoymağı bacarmadıq.

 

- 5 oyundan sonra aktivinizdə 4 xal var. İddialı “Xəzər Lənkəran” üçün bu göstərici nə dərəcədə normaldır?

- Biz çempionluq uğrunda mübarizə aparırıq. Əlbəttə, bu yaxşı nəticə deyil. Hətta deyərdim, “Xəzər Lənkəran”ın adına yaraşmır. Qarşıdakı oyunlardan mütləq istifadə etməliyik. Ən əsası da imkanlarımızı reallaşdırmalıyıq.

 

- “İnter”lə oyundakı qələbədən sonra yüksəlişin başlayacağını düşünənlərin sayı çox idi...

- Biz də elə düşünürdük. Əslində, oyun planında elə də problemimiz yoxdur. “Neftçi” ilə oyunda da nəticə matça görə olmadı. Biz ən azı uduzmamalı idik.

 

- Oyun zamanı Flavinyo ilə probleminiz oldu və sarı vərəqə ilə cəzalandırıldınız. Ona nə dediniz ki, referi belə qərar qəbul etdi?

- Flavinyoya heç nə etmədim. O, yıxılan zaman topla məni vurdu. Referi mənə niyə sarı vərəqə göstərdiyini bilmirəm.

 

- Bəlkə onu təhqir etmisiniz?

- Heç kimə heç nə deməmişəm, söyməmişəm.  

 

0