“Niyə məhz mən “Sumqayıt”la oyunun günahkarı bilindim?”
15.09.2014 - 11:27
“Niyə məhz mən “Sumqayıt”la oyunun günahkarı bilindim?”

“Araz-Naxçıvan” mənə qapını göstərib? Göstərib, göstərib də. Mən bundan məyus deyiləm”. Bunu apasport.az saytına “Araz-Naxçıvan”ın sabiq hücumçusu Vüqar Əsgərov deyib.

 

“Araz-Naxçıvan” Akif Tağıyevin ardından daha 3 futbolçu ilə yollarını ayırıb. Bunlar Elhad Nəziri, Aleksandr Krutskeviç və Vüqar Əsgərovdur.

 

Əsgərovdan komandadan göndərilməsinin səbəbini öyrənməyə çalışdıq: “Komandadan göndərilməyimin dəqiq səbəbini bilmirəm. Artıq “İnter”lə oyunun hazırlıqlarında iştirak etmirdim. Nə baş verdisə, “Sumqayıt”la oyuna görə oldu. Artıq komandadan transfer vərəqimi almışam və sərbəst futbolçu ünvanına sahibəm”.

 

29 yaşlı futbolçu sabiq komandası olan “Sumqayıt”la matçda günahkar çıxarılmasını anlaya bilmir: “Niyə məhz mən “Sumqayıt”la oyunun günahkarı bilindim, özümə də maraqlıdır?! “Sumqayıt”a yenildiyimiz görüşdən sonra yığmaların oyunu ilə əlaqədar klubdan bizə istirahət verilmişdi. Mən də yaşadığım Latviyanın Liepaya şəhərinə yollanmışdım. Orda olarkən komanda yoldaşlarım mənə SMS yazdılar. Onlar komandadan göndərildiyimi bildirdilər. Belədə qayıdıb transfer vərəqimi klubdan götürdüm. Əsgər Abdullayevlə isə bu haqda heç nə danışmadım”.

 

Millimizin sabiq futbolçusu karyerasını qışa kimi I dəstəmizdə davam etdirə biləcəyini söylədi: “İndi 2 variant arasında qalmışam. Aldığım zədədən sonra uzun müddət oynamadığım bəsdir. Ona görə də yenə futbolsuz qalmaq istəmirəm. Dekabra kimi I dəstədə çıxış etmək variantım var. İkinci variantım isə klubsuz qalacağım halda, futbolu birdəfəlik atmaqdır”.

 

Qeyd edək ki, Vüqar Əsgərov Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” (1:0) görüşünün 65-ci dəqiqəsində Tərlan Xəlilovu əvəzləyərək meydana daxil olmuşdu.

 

Səbuhi TOFİQOĞLU

 

0