Millinamə və ya utanmasan oynamağa nə var?
15.09.2014 - 12:00
Millinamə və ya utanmasan oynamağa nə var?

Rusiya və Bolqarıstana məğlubiyyət Azərbaycan millisi ilə ürəyi döyünən hər kəsi üzdü, təkcə millinin  əksər futbolçularından başqa. Şimal qonşularımıza   (0:4) uduzan komandamızın üzvləri hələ də yaxşı oynadıqlarını düşünüb, sentyabrın 9-dakı seçmə mərhələ oyununda Bolqarıstan üzərində qələbə qazanacaqlarını fikirləşirdilər. Fabio Kapellonun komandasına darmadağından sonra futbolçularımızın “bu sadəcə bir yoxlama” oyunu idi deməsi səs-küylə qarşılansa da, hamı AVRO-2016-nın qrup mərhələsinin ilk oyununda qələbəyə ümidli idi.  

 

Ümid sonda ölür, deyirlər. Amma Azərbaycan millisinə olan ümidlər baş qaldırmamış ölür. Qrup mərhələsinin ilk oyunu III yer ümidlərimizi elə slavyanlar gedib özləri ilə apardılar. Amma qarşılaşmadan sonra futbolçularımız sanki azarkeşlər uduzub kimi danışırdılar. Ən diqqət çəkən məqam isə Vaqif Cavadovun açıqlamaları idi.   “Vuruşduq, mübarizə apardıq, amma səhvə yol verdiyimizə görə qapımızda 2 qol gördük. Yaxşı oynadığımızı deyə bilərəm. Ancaq istəyimiz baş tutmadı. Meydançanın bərbad vəziyyətdə olması, eləcə də sona yaxın qol buraxmağımız həlledici oldu. 1:1 hesabı bu oyun üçün əla olardı.

 

Oyunum haqda danışmaq istəmirəm. Kənardan hər şey daha yaxşı görünür” – sözlərinin sahibi olan Cavadov hər kəsi məsxərəyə qoydu. Oynadığı 75 dəqiqə ərzində yalnız iki dəfə rəqibə qarşı kobud oynayıb sarı vərəqə almaqla yadda qalan futbolçumuzun verdiyi açıqlamalar sadəcə gülməli idi. Atalar düz deyib – utanmasan oynamağa nə var ki? 90 dəqiqə ərzində rəqibin qapısına bir zərbə endirən komandanın futbolçusunun “yaxşı oynadıq” deməsi gülünc vəziyyətdir.     

 

Elə Qara Qarayev də Vaqif Cavadovun danışdığı nağılların davamını gətirdi. Bu sözlər də məhz “Qarabağ”la Avroliqanın qrup mərhələsində oynayacaq və millimizin uğurlu çıxışına özü də inanmayan gənc yarımmüdafiəçiyə aiddir: “Məqsədimiz pley-off mərhələsinə yüksəlməkdi. Qarşıdakı oyunlarda çalışacağıq ki, bu cür xal itkilərinə yol verməyək. Özünüz də gördünüz ki, Bolqarıstan bizdən güclü deyildi. Sadəcə, kobud səhvlərə görə uduzduq”.      

 

Ümumiyyətlə, bütün futbolçularımız bu cür açıqlamalarla diqqət mərkəzinə düşsə də, oyunları ilə bunun sübut edə bilmədilər. Rusiya millisinin darmadağını əslində komandamızın oyununun real göstəricisidir. Millimizin onurğa sütunu sayılan Kamran Ağayev də artıq istənilən səviyyədə deyil. Ölkənin “1” nömrəsi adlandırılan çərçivə qoruyucusu  artıq haqqında danışılanlar haqq etmir.   Son zamanlar Azərbaycan futbolunun ən istedadlılarından sayılan Ruslan Abışov da artıq millinin əsas heyətində oynamağa layiq olmadığını göstərdi. “Rubin”ə oyun praktikasından azlıq çəkməsi komandamızın “15” nömrəsini formasından çox uzaq salıb. “Qəbələ”də də heç nə edə bilməyən yarımmüdafiəçi öz oyunu haqqında düşünməlidir.  

 

Qol vurduqdan sonra yalnız ayrılan mükafat haqqında düşünən futbolçularımız tamamilə müdafiəyə oturdular. Tərlan Quliyevin meydana çıxması da buna işarə idi. Lakin istəkləri ürəyində qalan “qəhrəmanlar”ımız matçdan sonra mükafatları qazana bilmədiklərinə görə çox hirsli idilər. Hətta qarşılaşmadan sonra çox əsəbi görünən yığma üzvlərimiz UEFA-nın qaydalarına da hörmətsizlik etdilər. Belə ki, AFFA tərəfindən yaradılan “Mix zona”dan bütün futbolçular keçməli və sonra qayıdıb avtobusa minməli idilər.

 

Bolqarıstan millisinin bütün üzvləri buna əməl etsələr də, yığmamızın bəzi  futbolçuları ora gəlməkdən imtina edirdilər. AFFA-nın səlahiyyətli işçiləri onlara buna məcbur olduqlarını bildirsələr də, oyunçularımız gəldikləri yola çəkilən lentin altından keçib qaçırdılar. Orada duran mühafizəçilərə isə UEFA-ya deyərsiz ki, biz belə qayda tanımırıq. Rauf Əliyev, Ruslan Abışov, Bədavi Hüseynov, Mahir Şükürov belə “nümunəvi” hərəkətləri ilə də diqqət mərkəzinə düşdülər.

 

Elsevər MƏMMƏDOV

0