Derlis Meza Kolli: Çempion olmaq haqqında düşünürük - MÜSAHİBƏ
15.09.2014 - 16:24
Derlis Meza Kolli: Çempion olmaq haqqında düşünürük - MÜSAHİBƏ

“İnter”in yarımmüdafiəçisi Derlis Meza Kollinin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının V turunda səfərdə “Araz- Naxçıvan”a (3:1) qalib gəldiniz. Bu matçla bağlı nə deyə bilərsiniz?

- Komandamız oyuna çox yaxşı hazırlaşmışdı. Ən əsası baxımlı oyunla qələbə qazandıq. Səfər oyununda 3 xal əldə etdiyimiz üçün sevinirik. Meydanda var gücümüzlə mübarizə apardıq. Rəqibi da alqışlamaq lazımdır. Onların da yaxşı komandası var.

 

- 5 turdan sonra 10 xalınız var...

- Əslində daha çox xalımız ola bilərdi. Amma 2 oyunda xal itirdik. “Qarabağ”la heç-heçə etmişik və “Xəzər Lənkəran”a uduzmuşuq. Əgər həmin matçlarda da istədiyimiz kimi oynaya bilsəydik, indi lider biz idik.

 

- Ötən mövsümlə müqayisədə bu il çempionata daha yaxşı başlamısınız...

- Düzdü, bu mövsüm daha uğurlu start verdik. İnanıram ki, sona qədər də belə davam edəcəyik. Bu mövsüm çempion olmaq haqqında düşünürük. Bunun üçün yetərli heyətimiz də var.

 

- Növbəti turda “Bakı” ilə qarşılaşacaqsınız. İndidən qələbə qazanacağınızı demək olar?

- Yox, elə deməzdim. Heç bir komanda ilə oyuna “mütləq qələbə bizimdir” deyə yanaşmaq olmaz. Hər an xal itkisi ilə üzləşə bilərik. Amma “İnter” oyundan-oyuna daha yaxşı futbol nümayiş etdirir. İnanıram ki, “Bakı” ilə matçda da davamını gətirəcəyik.

 

- Amma “Bakı”nın hazırkı durumu ürəkaçan deyil...

- Onların komandasında olan problemlər bizi maraqlandırmır. Biz sadəcə öz oyunumuzu düşünürük. Xallar qazanmağa davam edəcəyik.

 

- Azərbaycan milli komandasının oyunlarına baxdınız?

- Milli komandanızın oyunlarını izlədim. Rusiyaya qarşı zəif oynasalar da, Bolqarıstanla qarşılaşmada heç də pis təsir bağışlamadılar. Amma bir səhv ucbatından ən azı 1 xaldan məhrum oldular.

 

- Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da səfərdə İtaliya millisinin qonağı olacaq. Siz də İtaliya vətəndaşısınız. Bu oyundan nə gözləyirsiniz?

- İtaliya milli komandası çox güclüdür. Son seçmə mərhələ oyununda da çox yaxşı təsir bağışladılar. Antonio Kontenin gəlişindən sonra bu komandada irəliləyiş hiss olunur. İnanıram ki, maraqlı görüş olacaq. Azərbaycan yığmasına sadəcə uğurlar arzu edirəm.

 

 

Elsevər MƏMMƏDOV 

0