“Sent-Etyen” rəsmisi: “İnter” və “Dnepr”in ardından 3-cü ola bilərik
16.09.2014 - 15:13
“Sent-Etyen” rəsmisi: “İnter” və “Dnepr”in ardından 3-cü ola bilərik

“Biz Avropa Liqasına vəsiqə qazanmışıq. Amma orda çıxış etmək asan olmayacaq. Hazırda biz qrupumuzdakı favoritlər – “İnter” və “Dnepr”in ardından III ola bilərik. Ancaq biz qrupumuzdan çıxmaq üçün hər şeyi edəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Sent-Etyen”in baş direktoru Rolan Romeye deyib.  

 

69 yaşlı mütəxəssis Bakıya səfər öncəsi komandasının Avroliqadakı çıxışından danışıb: “2013-cü ilin avqustunda “Esbyerq”ə qarşı düzgün oynamadıq. Bu il isə bundan nəticə çıxarmışıq. Hazırda bir neçə futbolçumuz zədəli olsa da, işçi qüvvəmiz genişdir. Bu turnirdə çətin də olsa oynamaq istəyirik. İstəyirik ki, kim bizi Fransa və xaricdə tanıyırsa, onlara yenidən xoşbəxt anlar yaşadaq”. 

 

Romeye bu heyətlə çempionatda və Avroliqada eyni vaxtda mübarizə apara biləcəklərini qeyd edib: “Biz son “transfer pəncərəsi” zamanı baş məşqçimiz Kristof Qaltyenin istəyi ilə yaxşı oyunçu ala bilmədiyimiz üçün məyus olduq. Ancaq almaq istədiyimiz futbolçu son dəqiqədə bizə arxasını çevirdi. Bununla belə, düşünürəm ki, heyətimiz ötən mövsümkündən xeyli güclüdür. Universal və gənc 23 peşəkar futbolçu ilə müqavilə bağlamışıq. Avrokuboklarda iştirak edən klublar hər il çempionatda bundan əziyyət çəksələr də, bizim əlimizdə hər iki cəbhədə oynamaq üçün material var. Aydın məsələdir ki, Avropa Liqasına etinasız yanaşmayacağıq”.

 

Qeyd edək ki, “Qarabağ” – “Sent-Etyen” matçı sentyabrın 18-də saat 21:00-da başlayacaq.

 

0