Mario Souza: “Xəzər Lənkəran”ın baş məşqçisi olmaq istəyirəm - MÜSAHİBƏ
16.09.2014 - 23:00
Mario Souza: “Xəzər Lənkəran”ın baş məşqçisi olmaq istəyirəm - MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın sabiq futbolçusu və meneceri Mario Souzanın apasport.az saytına müsahibəsi

 

 - “Xəzər Lənkəran”dan ayrılmağınıza səbəb nə idi?

    - Qərar belə oldu ki, klubdan ayrılım. Amma tamamilə komandadan getməmişəm. Yenə də “Xəzər Lənkəran” üçün əlimdən nə gəlsə, edəcəm. Bu klubda o qədər dostum var. Bilirəm ki, onların qapıları hər zaman mənim üzümə açıqdır. Mən yenə də “Xəzər Lənkəran” üçün çalışacam.

 

- İndi azad agentsiz. Yenidən “Xəzər Lənkəran”a futbolçular göndərəcəksiniz?

- Əlbəttə, lazım olsa, göndərəcəm. Çünki bu mənim işimdir.

 

- Klubla aranızda hər hansı problem olmadı?

- Xeyr. Mənim “Xəzər Lənkəran”la heç bir zaman problem ola bilməz. Mən illərlə bu komandanın çörəyini yemişəm. Hər şeyə görə klub rəhbərliyinə və hər kəsə təşəkkür edirəm.

 

- Klubda yay “transfer pəncərəsi” zamanı bir neçə futbolçu gətirdiniz. Onların çıxışından razısınız?

- Bu klubda hazırda mənim gətirdiyim Qalin İvanov, Fernando Qabriel və Tyeqo Xesus oynayır. Amma “Xəzər Lənkəran”da top qovan hər bir futbolçu mənim üçün eynidir. Onların hamısından uğurlu oyun gözləyirəm. Mən desəm ki, mənim gətirdiyim futbolçular yaxşı oynayır, düzgün olmaz. Uğursuzluq varsa, hamı günahkardır.

 

- Bəs, Lənkəran klubunun uğursuz çıxışını nə ilə əlaqələndirirsiniz?

- Məncə, komanda yaxşı oyun göstərir. Çünki futbolçular ürəklə meydanda mübarizə aparırlar. O qədər epizodlar yaradırlar, amma qol vurmaqda çətinlik çəkirlər. Futbolda da qol əsasdır. Çünki yaxşı oynamaqla heç nə vermirlər. Bir də hazırda “Xəzər Lənkəran”da lider futbolçuya ehtiyac var. Biz bu klubda oynayarkən komandanın həm meydandan kənarda, həm də meydanda liderləri var idi. O zaman hər şey yaxşılığa doğru dəyişəcək.

 

- Komandanın hücum xəttindəki problemlər qalmaqda davam edir…

- Düzdü, hücum xətti zəifdir. Çempionluq və kubok üçün oynayan komanda 5 oyuna 2 qol deyil, 12 qol vurmalı idi. Məntiqlə düşünsək, ön xətt çox zəif işləyir.

 

- Bəs, qapı xəttindəki çatışmazlıqlar haqqında nə deyə bilərsiniz?

- Artıq 2 ildir ki, “Xəzər Lənkəran” bu problemdən qurtula bilmir. Bunu həll etmək lazımdır. Cahangir Həsənzadə komandaya gətirildi. Amma yenə də başqa qapıçıya ehtiyac var.

 

- Oğuz Çətinin qurduğu komanda sizə necə təsir bağışlayır?

- O, yaxşı məşqçidir. Həm də zamanında güclü futbolçu olub. Amma onun qurduğu komandaya münasibət bildirmək üçün hələ vaxta ehtiyac var. İndidən nəsə demək düzgün olmaz. Doğurdan, o, komandada irəliləyişə nail ola bildi. Düşünürəm ki, Oğuz Çətinin rəhbərliyi altında komanda uğur qazana bilər. Heyif ki, futbolda hər zaman gözlədiyimiz kimi olmur.

 

- Komandanın növbəti oyunlarda nəticə qazanacağını düşünürsüz?

- Əlbəttə. “Xəzər Lənkəran” böyük camiədir. Azarkeşlər, futbolçular, məşqçilər və rəhbərlik birləşib komandanı bu vəziyyətdən çıxaracaq.

 

- Bu komandanın çempionluğuna inanırsız?

- Çempionat hələ indi başlayıb. Komandanın çempion olması üçün əsas məsələ futbolçuların özünə inamıdır. Əgər onlar çempion olacaqlarına insanalar bunu bacaracaqlar. Sona qədər döyüşmək lazımdır.

 

- Topaz Premyer Liqasının V turunda baş tutan “Neftçi” – “Xəzər Lənkəran” (1:0) oyununu izlədiniz?

- Oyunu izlədim və çox məyus oldum.

 

- Həmin matçda komanda sizə necə təsir bağışladı?

- “Xəzər Lənkəran”ın qol vurmaq üçün xeyli imkanları oldu. Amma topa qapıya daxil olmaq istəmirdi. Penaltidən də yararlana bilmədik. Bu, çox pis oldu. Bundan sonra da ələ düşən epizodlar oldu. Amma təəssüf ki, futbolçular hamısını boşa verdilər.

 

- Yeri gəlmişkən penaltini də sizin komandaya gətirdiyiniz Qalin İvanov boşa verdi…

- Bu, hər bir futbolçunun başına gələ bilər. Qalin də istəməzdi ki, 11 metrlik zərbəni kənara vursun. İnanıram ki, komanda geridə qalanları unudub, qarşıdakı matçlara daha yüksək motivasiya ilə hazırlaşacaq.

 

- Siz yenidən “Xəzər Lənkəran”a qayıtmaq istəyirsiz?

- Qismət olsa, bir gün bu komandada baş məşqçi kimi çalışmaq istəyərəm. Uğur qazanmaq və bu möhtəşəm azarkeşləri sevindirmək istəyərəm.

 

Elsevər MƏMMƏDOV

0