“Qarabağ” debütant olsa da, autsayder deyil” - MÜSAHİBƏ
17.09.2014 - 16:05
“Qarabağ” debütant olsa da, autsayder deyil” - MÜSAHİBƏ

Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununa çıxacaq “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibəsi

 

- Komanda Avropa Liqasının qrup mərhələsində debüt qarşılaşmasına nə dərəcədə hazırdır?

- Hazırlıq qaydasında davam edir. Bütün komanda yoldaşlarım oyunu səbirsizliklə gözləyir. Çünki qrup mərhələsində oynamaq arzumuz idi, artıq reallaşmaq üzrədir. Gücümüzü, bacarığımızı nümayiş etdirəcəyik. “Sent-Etyen” güclü rəqibdir. Onlarla bir səviyyədə oynamaq çətin olacaq. Amma bizim də yaxşı futbolçularımız var. Öz meydanımızda yaxşı oyun göstərməyə, mübarizə aparmağa çalışacağıq.

 

- Heyətdə zədəli, cəzalı futbolçu varmı?

- Bütün oyunçular formadadır, zədəsi olan yoxdur.

 

- Rəqibin hansı oyununu izləmisiniz?

- Hansısa oyunlarına tam şəkildə baxmamışıq. Komanda haqda ümumi məlumat əldə etmişik, müəyyən tanışlıq işləri görmüşük. Bu gün axşam yəqin ki, hansısa oyunlarının videoyazısına baxacağıq, və komanda şəklində necə oynadıqlarını görəcəyik.

 

- Texnikanın inkişafı imkan verir ki, istənilən komandanın oyununu və hansısa qarşılaşmasından fraqmentləri internet vasitəsilə izləyəsən. Bəyəm, futbolçular indiyə qədər “Sent-Etyen”in iştirakı ilə keçirilən hansısa qarşılşmada ən azı vurulan qolları izləməmisiniz?

- Düz qeyd etdiniz ki, hər kəsin əlinin altında internet var. Təbii ki, əksər futbolçular çoxdan onların oyunlarının epizodlarını izləyiblər. Rəqiblə bağlı hər kəsin öz fikri var. Hündürboylu futbolçulardan qurulmuş komandadır. Xüsusilə də müdafiəçilərini fərqləndirmək olar. “Sent-Etyen”in əsas silahı künc zərbələri və standartlar olacaq. Gərək onlara qarşı diqqətli oynayaq. Hücum xəttində isə sürətli futbolçular yer alıb. Onlar həqiqətən də bizə problem yaşada bilərlər. Taktiki sxemə gəldikdə, bizim kimi oynayırlar. Oyun qurmaq baxımından çətinlik yaşaya biləcəyimiz istisna deyil.

 

- Standart vəziyyətlər ümumiyyətlə Azərbaycan futbolunun bəlasıdır...

- Rəqibin hansı tapşırıqdan istifadə etdiyini bilsəm, hər gün onun qarşısını almaq üçün məşqlər edərdim. Biz 1.85 sm-dən yuxarı qalxa bilmirik. Millinin oyunçusu Rauf Əliyevi götürək. Başla ən yaxşı oynayanımızdır. Yenə də baxırıq ki, beynəlxalq oyunlar zamanı nə qədər tullansa da, rəqibin başına qədər çata bilmir. Boyumuz uzanmır. Yenə də çalışırıq, mane olaq. Qapıçımız da bəzi epizodlarda bizə kömək edir. Əsas odur ki, problemimiz olmasın.

 

- Rəqib futbolçular açıqlamalarında “Tvente” ilə oyunlarınızı izlədiklərini deyirlər. Onları yanıltmaq, çaşdırmaq üçün fərqli metod seçəcəksinizmi?

- “Sent-Etyen”lə “Tvente”nin oyun üslubu oxşardır. Amma Fransa təmsilçisinin heyətində usta futbolçular daha çoxdur. Hollandlar isə oyunu gənc və enerjili futbolçular üzərində qurmuşdular. “Sent-Etyen” isə süərtli və daha ağıllı oyuna üstünlük verir. Müdafiəçi kimi üzərimizə böyük iş düşəcək.

Qaldı ki, taktiki dəyişikliyə, bu olmayacaq. Başqa taktika seçsək, alınmaya bilər. Yenə hər zaman öyrəşdiyimiz taktika ilə çıxış edəcəyik. Hansı ki, bu oyunla çox böyük komandalara başağrısı olmuşuq.

 

- Hansısa sürprizlər olacaqmı?

- Azarkeşlərimizin səs-küyü, hayqırtısı onlar üçün sürpriz ola bilər. Bir də standartlar zamanı hansısa ev tapşırıqları icra etməyimiz mümkündür.

 

- “Bakı” ilə oyundan sonra baş məşqçi Qurban Qurbanov bəzi futbolçularda xarakter problemi olduğunu demişdi. Sonra komanda ilə hansısa söhbət aparıldımı?

- Bu açıqlamanı eşitməmişəm. “Bakı” ilə oyundan sonra bəzi futbolçularla söhbət edib, iradlarını bildirib. Digər yandan həmin oyunçuları da başa düşmək lazımdır. Çünki “Tvente” ilə oyunun yorğunluğu, üstəlik matçın süni meydançada keçirilməsi təsirsiz ötüşmədi. Baş məşqçi qarşıdakı oyunlarda bu cür çıxış etməyin mümkünsüzlüyünü qeyd etdi.  

 

- Qrupda yer alan digər kopmandaların oyunçuları və ya rəsmiləri açıqlamalarında ilk iki pillə üçün əsasən “Dnepr”, “İnter” və “Sent-Etyen”i fərqləndirirlər. “Qarabağ” doğurdanmı qrupun autsayderidir?

- Belə düşünmürəm. “Qarabağ” debütant olsa da, autsayder deyil. Nəticələrimizə baxsalar, görələr ki, “Qarabağ” da nəticə qazana bilər. Xüsusilə də “İnter”lə oyunda azarkeşlər komandalar arasında elə də ciddi fərq hiss etməyəcəklər. 

0