Leroy Corc: “Qarabağ” belə oyunla daha çox uğura nail olacaq - MÜSAHİBƏ
19.09.2014 - 17:25
Leroy Corc: “Qarabağ” belə oyunla daha çox uğura nail olacaq - MÜSAHİBƏ

“Qarabağ”ın hollandiyalı yarımmüdafiəçisi Leroy Corcun apasport.az saytına müsahibəsi

 

- Avroliqanın qrup mərhələsinin ilk oyununda Fransanın “Sent-Etyen” klubu ilə qolsuz heç-heçə etdiz. Bu barədə nə deyə bilərsiniz?

- Qrup mərhələsində ilk oyunumuz idi və yaxşı oyun göstərib xal qazanmaq istəyirdik. Əsas məqsədimiz qalib gəlmək idi. Amma mümkün olmadı. Düzdü, rəqibdən üstün oynadıq, yaxşı hücumlar qurduq. Sadəcə, qol vura bilmədik. İnanıram ki, “Qarabağ” belə oyunla daha çox uğura nail olacaq.

 

- Qol vura bilməməyinizə səbəb nə idi?

- Rəqib zəif komanda deyildi. Fransa çempionatında oynayan bir komandaya qol vurmaq da asan olmur. Həmçinin, rəqibin qapıçısı çox güclü idi. Elə epizodlarda topu qapıdan çıxardı ki, biz elə bildik qol olacaq. Məsələn, elə Reynaldonun epizodunda hamı qol olacağını düşünürdü. Bir də bəxt də komandamızdan üz döndərmişdi. Biz bu görüşdən qalib ayrılmalıydıq.

 

- Qarşıdakı oyunlarda da bu çıxışınızı davam etdirə biləcəksiniz?

- Biz hər matça qələbə üçün və gözəl oyun üçün çıxacağıq. Ümid edirəm ki, İtaliyada “İnter”ə qarşı da öz oyunumuzu göstərə biləcəyik. Düzdü, onlar qrupun favoritidirlər. Bununla razılaşmamaq olmaz. Biz də yaxşı nəticə göstərmək istəyirik.

 

- “Neftçi” 2 il öncə Avroliqanın qrup mərhələsində “İnter”ə qarşı oynayıb və səfər oyununda 2:2-lik bərabərliyə nail olmuşdu...

- Biz daha da yaxşı nəticə üçün meydana çıxacağıq. İnanıram ki, bacaracağıq. Uğurlu oyunlarımızı davam etdirməliyik. Azərbaycan üçün yeni uğura imza atacağımızı düşünürəm.

 

- “İnter” qrupun favoritidir və böyük ehtimalla I pillənin sahibi olacaq. “Qarabağ” ikini yeri tuta bilər? Şanslarınız nə qədərdir?

- Şansımız haqqında heç nə deyə bilmərəm. Amma biz ikincilik üçün sona qədər vuruşacağıq. “Sent-Etyen” də, “Dnepr” də çox çətin rəqiblərdir. Futbolda mümkünsüz heç nə yoxdur. Rəqiblər nə qədər güclü olsa da, ikinci yerə ümid edirik.

 

Elsevər MƏMMƏDOV

0