Rauf Əliyev: Necə düşünürdümsə, elə də oldu - MÜSAHİBƏ
22.09.2014 - 12:43
Rauf Əliyev: Necə düşünürdümsə, elə də oldu - MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının VI turunda “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gəldiniz. Autsayderlərdən olmasına baxmayaraq, rəqib qapısına yolu yalnız son 20 dəqiqədə yol tapdınız...

- Son vaxtlar komanda yaxşı təsir bağışlamırdı. 3 xal bizə çox lazım idi. Bilirdik ki, rəqib oyununu əsasən müdafiədən quracaq. Ona görə də bir qədər çətinlik çəkdik. Amma ikinci hissədə rəqibin müdafiə xəttini yarmağı bacardıq. Mövsüm ərzində ikinci qələbəmizi qazandıq və düşünürəm ki, bu uğur növbəti oyunlara toparlanmaq üçün bizə əlavə stimul verəcək.

 

- İlk turda AZAL-a qol vursanız da, 5 oyundu fərqlənə bilmirsiniz. Məhsuldarlığınızın aşağı düşməsinin səbəbini nədə görürsünüz?

- Məndə hansısa problem yoxdu. Həyat davam edir. Əsas komandanın uğurudu. Qol vurmağa gəlincə, hər şey zamanla düzələcək.

 

- Bəlkə qol vura bilməməyinizin səbəbi sizin lazımi ötürmələrlə təchiz olunmamağınızdı?

- Yox, bu amili heç yaxınıma buraxmıram. Belə götürəndə, az fərqlənmək problemi ümumi komandada da var. Nəsə yekun nöqtəni qoya bilmirik. Belə bir çətinliklərlə üzləşirik. Amma bunun da düzələcəyinə inanıram.

 

- Növbəti tur Qəbələyə səfər edəcəksiniz. Bu matçla bağlı fikirlərinizi bilmək istərdik...

- Hər bir matç çətindi. Amma Qəbələyə səfərlər həddən artıq çətin keçir. Çünki “Qəbələ” çempionluğa iddialıdı. Hər iki komanda üçün də vacib oyundu. Çalışacağıq ki, millinin düşərgəsinə yaxşı əhval-ruhiyyədə yollanaq. Ona görə də səfərdə oynamağımıza baxmayaraq, 3 xala iddialıyıq.

 

- “Xəzər Lənkəran” “Qəbələ”yə uduzacağı halda, baş məşqçiniz Oğuz Çətinin istefa verməsi reallaşa bilər. Belə demək olarmı ki, siz ən azı baş məşqçiniz üçün əlinizdən gələni edəcəksiniz?

- Biz onsuz da hər oyuna çıxanda sonadək döyüşürük. Sadəcə, son oyunlarda bir qədər şanssızlıqlar yaşayırıq. Klub tərəfindən hər şeylə təmin olunuruq. Bunun qarşılığını vermək lazımdı.  

 

- Avro-2020-nin 4 oyunu Bakıda keçiriləcək. Qitə birinciliyinin ölkəmizdə keçirilməsinə qərar verilməsi sizin üçün gözlənilməz olmadı?

- Yox, bu qərar mənim üçün gözlənilməz alınmadı. Fikirləşirdim ki, qalib şəhərlərdən biri məhz Bakı olacaq. Necə düşünürdümsə, elə də oldu. Lap yaxşı. Xalqımızı bu münasibətlə təbrik edirəm. Maraqlı oyunları izləmək imkanları olacaq.

 

Səbuhi TOFİQOĞLU 

0