Bakıda keçiriləcək Qran-pri canlı yayımlanacaq
23.09.2014 - 10:12
Bakıda keçiriləcək Qran-pri canlı yayımlanacaq

Bakıda təşkil olunacaq şahmat üzrə Qran-Pri turnirinin bütün partiyaları birbaşa göstəriləcək. Apasport.az-ın məlumatına görə, görüşlər rəsmi sayt - baku2014.fide.com vasitəsilə canlı yayımlanacaq.

 

Şahmat partiyaları Azərbaycan və ingilis dillərində tanınmış qrossmeysterlər və məşqçilər tərəfindən şərh olunacaq. Azərbaycan dilində partiyaları məşqçi, beynəlxalq usta Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin çalışdırıcısı, qrossmeyster Fərid Abbasov təqdim edəcəklər.


Azərbaycanı turnirdə 2 qrossmeyster – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcək. Eyni zamanda, Bakıdakı Qran-Pridə Fabiano Karuana (İtaliya), Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakamura (ABŞ), Sergey Karyakin (Rusiya), Lenyer Dominqes (Kuba), Boris Gelfand (İsrail), Pyotr  Svidler (Rusiya), Dmitri Andreykin (Rusiya), Rüstəm Qasımcanov (Qazaxıstan) və Yevgeni Tomaşevski ( Rusiya) iştirak edəcək. 

 

Qeyd edək ki, qaydalara əsasən, turnirə 16 şahmatçı qatılacaq və hər zəka sahibi 3 mərhələdə qüvvəsini sınayacaq. 4 ölkədə baş tutacaq 4 mərhələ oktyabrda başlayıb, gələn ilin mayında başa çatacaq.

Qran-Prinin açılış mərasimi oktyabrın 1-də yarışın keçiriləcəyi Şəhriyar adına Mədəniyyət mərkəzində olacaq. İlk tur oktyabrın 2-də saat 15:00-da start götürəcək. 

 

0