Reynaldo: Böyük-böyük danışıb, matçda heç nə edə bilməsək, düzgün çıxmayacaq - MÜSAHİBƏ
30.09.2014 - 12:11
Reynaldo: Böyük-böyük danışıb, matçda heç nə edə bilməsək, düzgün çıxmayacaq - MÜSAHİBƏ

“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldonun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının VII turunda “Neftçi” ilə görüşdə sizə görə təyin olunan penaltini haqlı sayırsınız?

- Top havada idi. Karlos Kardosonun ayağı isə mənə dəyirdi. Mən doğrudan da yıxılmışam. Orda məncə, penalti vardı.

 

- Amma görünən odu ki, siz cərimə meydançasının daxilində yox, xaricində yıxılmısınız...

- Cərimə meydançasının daxilində və ya xaricində yıxıldığımı bilmirəm. Amma Kardoso mənə qarşı kobud oynadıqdan sonra mən yıxıldım. Əslində birinci mən yıxılırdım, ancaq bu anda onun ayağı da mənə dəydi. Bununla belə, bu penalti qərarı haqlıdır.

 

- Son “Qarabağ” – “Neftçi” oyunlarında Erik Ramosa qarşı kobudluq edirsiniz. Bu nədən irəli gəlir? Olmaya braziliyalıların paraqvaylılardan zəhləsi gedir?

- Belə aramızda şəxsi problem yoxdur. Bütün futbolçulara hörmət edirik. Ancaq oyun ərzində bizi elə təxribata çəkirlər ki, biz buna dözməyib qarşılıq veririk.

 

- Bu illər ərzində Bakıda hansısa kafedə oturub çay içdiyiniz anlar olubmu?

- Dəfələrlə olub. Düzdür, mən o qədər də bayıra çıxmağa meyilli insan deyiləm. Amma bilirəm ki, Çumbinyo və Riçard Almeydanın Erik Ramosla şəhərdə görüşdüyü anlar olur.

 

- Erik Ramosa qarşı etdiyiniz kobudluğa görə sarı vərəqə aldınız. O sizə nə etmişdi ki, bu kobudluğa yol verdiniz?

- Mən sadəcə ondan topu almaq istəyirdim. Ancaq sərt alındı və təəssüf ki, onun ayağına “girdim”. Bu epizoda qədər “Neftçi”nin oyunçuları aqressiv oynayırdı və bu bizə də təsir etmişdi. Ancaq həmin sarı vərəqədən sonra bir qədər yumşaq oynamağa çalışdım ki, “qırmızı” almayım.

 

- Həmin “Neftçi” 2 il əvvəl “İnter”lə qarşılaşıb və səfərdə 2:2 oynayıb. Siz Milana hansı ümidlə gəlmisiz?

- “İnter” Avropada ən adlı-sanlı komandalardan biridir. Təbii ki, onlarla qarşılaşmaq maraqlı olacaq. Biz də bu matçda əlimizdən gələni edəcəyik ki, yenilməyək. Bərabərlik və bəlkə də qələbə ilə Bakıya qayıdaq. Elə bilirəm ki, çempionatdakı uğurlu seriyamızı Avropada da davam etdirərik.

 

- “İnter” İtaliya A Seriyasının ötən turunda “Kalyari”yə öz meydanında 1:4 hesabı ilə məğlub olub. Bu matçı Qurban Qurbanov da izləyib. Ola bilərmi ki, “İnter” heyətini sizdən gizlətməyə çalışıb?

- Mən belə fikirləşmirəm. İtaliya çempionatı çox güclü birinciliklərdəndir. Hansısa futbolçunun səhvi ucbatından böyük komandalar bu şəkildə uduza bilər. Bu bizim də başımıza gələ bilər. Ona görə də onların qəsdən uduzduğunu düşünmürəm. Yəqin ki, onlar da bu məğlubiyyəti unutdurmaq üçün bizə qarşı xüsusi hazırlıqla oynayacaqlar.

 

- Bu yenilginin acığını “İnter”in “Qarabağ”dan çıxacağını demək olarmı?

- Biz əlimizdən gələni edəcəyik. Amma oyundan əvvəl nəticənin necə ola biləcəyini deyə bilmərəm. Böyük-böyük danışıb sonra matçda heç nə edə bilməsək, düzgün çıxmayacaq. Ümid edirəm ki, belə bir şey baş verməyəcək və biz də yaxşı nəticə ilə qayıdacağıq.

 

- Yaxşı nəticə deyəndə, heç-heçə sensasiya sayıla bilərmi?

- Təbii ki, bərabərlik yaxşı nəticə olacaq. Böyük bir komanda ilə səfərdə bərabərlik etmək yaxşı nəticə sayılmalıdır. “İnter”in qrupumuzun favoriti olduğunu da unutmamalıyıq.

 

- 10-15 günə qədər sizin milliləşdirilməniz məsələsi müzakirə olunurdu. Ancaq bu, baş tutmadı. Bununla bağlı fikirlərinizi bilmək maraqlıdır.

- Mən milliləşdirilməməyimin alınmamasını sizdən eşidirəm. Əgər belədirsə, buna çox məyus olaram. Amma istənilən halda, yaxşı oyunumu davam etdirib 3 ildən sonra milli pasportu almağa çalışacağam.     

0