Norveçli futbolçu Bakıya ya rekordçu kimi gələcək, ya da rekord üçün
30.09.2014 - 15:19
Norveçli futbolçu Bakıya ya rekordçu kimi gələcək, ya da rekord üçün

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Norveç millisi qarşıdakı seçmə oyunlar üçün heyətini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, skandinaviyalıların heyətinə 15 yaşlı futbolçu da dəvət alıb.

 

16 yaşını bu il dekabrın 17-də qeyd edəcək Martin Edeqor  oktyabrın 10-da Malta, 13-də Bolqarıstanla baş tutacaq seçmə matçlarına çağırılıb. Bir müddət əvvəl BƏƏ ilə yoldaşlıq oyununda meydana çıxan yeniyetmə Norveç millisinin tarixinə ən azyaşlı futbolçu kimi düşmüşdü.

 

Həmin qarşılaşma zamanı onun 15 yaş 253 günlüyündə olub. Əgər o bu ya baş tutacaq matçlarda meydana çıxsa, Avropa çempionatları tarixində seçmə mərhələdə oynamış ən kiçik futbolçu olacaq. Lakin bu baş verməsə, Edeqor rekordunu noyabrın 16-da Azərbaycanla Bakıdakı görüşdə rəsmiləşdirmək imkanı qazanacaq.

 

Qeyd edək ki, seçmə mərhələlərin ən gənc oyunçusu Siqurdur Yonson 16 yaş 251 günlüyündə İslandiyanın formasını geyib.

0