Dodo “Qarabağ”a qarşı oynaya bilər
01.10.2014 - 10:01
Dodo “Qarabağ”a qarşı oynaya bilər

İtaliya mətbuatı “İnter” və “Qarabağ”ın start heyətini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Valter Matsarrinin təmsilçimizlə sabah keçiriləcək Avroliqa matçının start heyətində çilili dayaq yarımmüdafiəçisi Qari Medel və əslən argentinalı olan hücumçu Pablo Osvaldonun xidmətindən yararlanmayacağı bildirilir.

 

İtaliya yığmasının da üzvü olan Osvaldonun ehtiyatda qalması isə “Atalanta” ilə matçda zədələnmiş, ancaq A Seriyasının ötən turunda meydana çıxmış argentinalı Mauro İkardinin artıq sağalması ilə bağlıdır. Əvəzində isə braziliyalı sağ cinah müdafiəçisi Jonatan Moreyra zədəlidir. “Mançester Yunayted”dən böyük ümidlərlə alınmış serbiyalı Nemanya Vidiçin son turlarda səhvlərə yol verməsi Matsarrinin komandanın kapitanı Andrea Ranokkyaya müdafiənin mərkəzində şans verməsinə səbəb olacaq.

 

Bundan başqa, “Kalyari” ilə matçın ilk hissəsinin sonlarında əzələsindən zədə aldığı üçün meydanı tərk edən Dodonun durumu hələ ki bilinmir. Ancaq braziliyalı sol cinah oyunçusunun ilk dəqiqələrdən meydana çıxacağı da istisna olunmur.  

 

İtaliyalı həmkarlarımız “Neftçi” ilə matçda Rəşad Sadıqov, Çumbinyo və Danilo Diasa istirahət verildiyini düşünür. Bu futbolçuların zədələnməsindən xəbərsiz olan appeninlilər ona görə də start heyətdə onlara da yer veriblər. Əslində isə Rəşadın yerinə müdafiənin mərkəzində Admir Telinin, Çumbinyo və Danilo Diasın əvəzində Namiq Yusifovla Leroy Corcun start heyətində yer alacağı inandırıcı görünür.

 

“İnter” (3-5-2): Samir Handanoviç - Andrea Ranokkya (k), Marko Andreolli, Juan Jezus – Yuto Naqatomo, Yann Mvila, Zdravko Kuzmanoviç, Mateo Kovaçiç, Dodo – Rodriqo Palasio, Mauro İkardi

 

“Qarabağ” (4-2-3-1): İbrahim Şehiç – Ansi Aqolli, Rəşad Sadıqov (k), Bədəvi Hüseynov, Maksim Medvedev – Qara Qarayev, Riçard Almeyda – Muarem Muarem, Çumbinyo, Danilo Dias – Reynaldo

 

Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

0