“Ermənistan millisinin Azərbaycanda çıxış etməsi çətin olacaq” - MÜSAHİBƏ
04.10.2014 - 16:10
“Ermənistan millisinin Azərbaycanda çıxış etməsi çətin olacaq” - MÜSAHİBƏ

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Bakıda keçirilən Qran-Pri turnirinin II turundan sonra suallara cavab verib. Apasport.az saytının məlumatına görə, Məmmədyarov rusiyalı Pyotr Svidlerə məğlubiyyəti və başqa məsələlər haqqında fikirlərini bildirib.

- Svidlerə məğlubiyyət gözlənilməz oldu...
- II turda belə məğlubiyyəti heç ağlıma gətirmirdim. Üstünlük hiss olunurdu. Qələbə qazanmaq istəyirdim və buna inanırdım. Sadəcə ardıcıl səhvlərə yol verdim. Elə səhvlər etdim ki, partiyaya nəzarət etmək mümkün olmadı. Maraqlı debütlə başladım. Açılışdan qazandığım üstünlüyü sona çatdıra bilmədim. Təəssüf edirəm. Ümumiyyətlə, hiss edirəm ki, mənə doğma ölkəmdə oynamaq çox çətindir. Başqa şəhərlərdə keçirilən turnirlərdə daha yaxşı çıxış edirəm.

- Şəmkirdə keçirilən Vüqar Həşimovun xatirə turnirində də oyununuz alınmadı...
- Şəmkirdə oynaya bilmədim. İndi Bakıdakı Qran-Prinin II turunda uduzdum. Belə nəticələr məni kədərləndirir. Əlbəttə, hər şey irəlidədir. Amma oyun belə nəticə ilə başa çatmalı deyildi.

- Adətən məğlubiyyətdən sonra biz daha aqressiv Şəhriyarı görürük...
- Svidlerlə oyunda uduzmamalıydım. Həmin üstünlüyü saxlasaydım, indi mənə tam başqa suallar verilirdi. Növbəti oyunlarda nə olacağını söyləmək çətindir. Əgər Qran-Pridə yer tutmaq istəyiriksə, gərək daha yaxşı oynayaq. Doğma ölkəmdə olanda təzyiq hiss edirəm. Dostlar, yaxınlar bizi izləyir. Hamı yaxşı nəticə gözləyir. Bu bir qədər adamı sıxır. Etiraf edirəm ki, oyunum Azərbaycanda keçirilən turnirlərdə alınmır.

- II turda az qala partiyaya gecikirdiniz. Niyə oteldən gec çıxdınız?
- Qran-Pridəki şərait yüksək səviyyədədir. Bütün təşkilatçılara “çox sağ ol” deyirəm. Otelimiz turnirin keçirildiyi Mədəniyyət Mərkəzinə çox yaxındır. 10 dəqiqə əvvəl çıxsan, piyada rahat çatmaq olar. İşıqforda gözlədim. 2 dəqiqədən sonra yolu keçdim və piyada gələndə gördüm ki, artıq 1-2 dəqiqə qalıb. Yaxşı ki, çatdım. Amma belə uduzmaqdansa, elə partiyaya gecikmək yaxşıdır.

- Qran-Pri turnirində güclü şahmatçılar çoxdur. Aşkar favorit kimdir?
- Favorit təkdir: Fabiano Karuana. O, çox mükəmməl oyun sərgiləyir. Son turnirlərə nəzər salın. Ardıcıl keçirilən yarışlarda gözəl oyun göstərir. Hətta reytinqləri artırır. Karuana yüksək hazırlıqla bütün turnirlərdə favoritdir. Fikrimcə, Qran-Prinin əsas favoriti odur. İki şahmatçı iddiaçılar turnirinə yollanacaq. Biri yəqin ki Karuana olacaq. Digərini müəyyənləşdirmək lazım gələcək.

- Azərbaycan şahmatçılarını qarşıda iki çətin yarış gözləyir. 2015-ci ildə Bakıda Dünya Kuboku, 2016-cı ildə isə şahmat olimpiadası keçiriləcək. Bu yarışlarda sizdən maksimum nəticə gözləyəcəklər...
- Azərbaycan artıq şahmatın mərkəzinə çevrilib. Yəni, davamlı olaraq mötəbər yarışlar keçiririk. Bunun sayəsində şahmatçılar daha da inkişaf edir. Dünya Kuboku və olimpiada bizim üçün çox vacibdir. Şahmat olimpiadasında təşkilatçı ölkə kimi bir neçə komanda ilə təmsil olunacağıq. Orada gənclər də oynamaq imkanı qazanacaqlar. Azərbaycan şahmatçıları məsuliyyəti başa düşür. Son olimpiadada mükafatçılar sırasında yer almağa çox yaxın olduq. Sonda itirilən xallar nəticəmizə təsir etdi.

- Ermənistan komandasının olimpiadada iştirak edib-etməyəcəyi məlum deyil. Azərbaycanda çıxış etmək onların nəticəsinə təsir edə bilər...
- Şahmatda da harada oynamaq vacibdir. Ermənistan millisinin burada çıxış etməsi çətin olacaq. Təhlükəsizlik baxımından problem yoxdur. Biz hər cür şərait yaradacağıq. Sadəcə onlar üçün burada komfortlu olmaya bilər. Yekun qərarı özləri verəcək. Güclü heyətə malikdirlər. Biz təşkilatçı ölkə kimi hamını qəbul etməyə hazırıq. Fikrimcə, Bakıdakı olimpiada tarixdə keçirilən ən yaxşı şahmat turnirlərindən biri olacaq.

- Fikrincə, Ermənistan yığmasının qərarı necə olacaq?
- Mən belə düşünürəm ki, onlar Bakıda keçirilən olimpiadada iştirak etməyəcək. Çünki, burada mübarizə aparmaq istəməyəcəklər. Gözləyək, görək necə olacaq. Mənim fikrim belədir.

0