Böyükağa Hacıyev: Foqts mikro yox e, makro... - MÜSAHİBƏ
17.10.2014 - 12:17
Böyükağa Hacıyev: Foqts mikro yox e, makro... - MÜSAHİBƏ

“Neftçi” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi

 

- Berti Foqtsu ən çox tənqid edənlərdən biri də siz idiniz. Onun istefa verəcəyini necə, gözləyirdinizmi?

- Foqts istefa verməkdə yubandı. Bu addımı ötən seçmə mərhələnin sonunda, müqaviləsi başa çatanda atmalı idi. Cari seçmə mərhələnin 3 oyununda sonra isə onun getməsi labüd idi. Əgər baş məşqçinin müsbət nəticələri yoxdursa, ona qapının göstəriləcəyini gözləməməlidi. Özünü tanıyan, hörmət edən məşqçi çemodanını götürüb getməlidi. AFFA rəhbərliyinə də təşəkkür düşür ki, belə bir vaxtda cəsarətli addım atıb Foqtsun istefasını qəbul edib.

 

- Millinin qarşısına qrup mərhələsinin üçüncü pillədə başa vurmaq və pley-off oyunlarına vəsiqə qazanmaq tapşırığı qoyulmuşdu. Artıq 3 oyun arxada qalıb, xalımız isə yoxdu. Yeni gələn məşqçi necə, bunun öhdəsindən gələ biləcəkmi?

- Müəyyən zaman ehtiyac var. İnanmıram ki, hansısa baş məşqçi təyinatından qısa vaxt sonra qlobal dəyişikliyə nail olsun. 7 ildir Foqts millinin başındadı. O, öz fəlsəfəsini aşılayıb. Yeni baş məşqçi də öz fəlsəfəsini aşılamaq üçün vaxta ehtiyacı olacaq.

 

- Berti Foqtsun əsas səhvləri hansılar idi?

- Azərbaycanlı futbolçuları tanımamağında, seleksiya işlərində ciddi səhvlərə yol vermək, eyni zamanda, öz prinsiplərini ictimaiyyətin prinsiplərindən üstün tutmasında görürəm. Mahir Şükürovla Vaqif Cavadov yığmanın oyunlarına niyə dəvət edilmədilər? Halbuki, hər ikisinin beynəlxalq oyunlarda böyük təcrübəsi var.

 

- Son uğursuzluqlarda futbolçuların günahı, səhvi yoxdu?

- Komanda uduzursa, baş məşqçi səhvi əvvəlcə özündə, sonra futbolçularda axtarmalıdı. Təəssüflər olsun ki, Berti hər dəfə gah klubları, gah da futbolçuları suçlayırdı. Bəzən isə şəraitdən narazılıq edirdi. Özündə heç vaxt hansısa səhv görməyib.

 

- O, adətən futbolçuların fiziki hazırlığının aşağı olmasından şikayətlənirdi...

- Berti Foqts mikro yox e, makro seçmə mərhələni yola verə bilərdi. Ona elə şərait yaradılmışdı ki... Dubaydan gəlir, Frankfurta gedirdi. Fiziki hazırlıq zəif idisə, onda tədbir görərdi də. Bunlar hamısı bəhanədi.

 

- Yığmanın baş məşqçisi postuna təklif almısınızmı?

- Bu, AFFA rəhbərliyinin qərarıdı. Təklif alan məşqçi papağını qarşısına qoyub, hansı yükün altında girəcəyini düşünməlidi. Hələlik bununla bağlı təklif almamışam.

 

- Bəs klublardan?

- Hazırda təhsilimi artırıram. İsveçrəyə gedəcəm, PRO kateqoriyası ilə əlaqədar. Yəqin ki, noyabr, dekabrda təklif alacam.

 

0