“Xəzər Lənkəran” sərbəst buraxıldı, Bakıda bir araya gələcək
20.10.2014 - 01:39
“Xəzər Lənkəran” sərbəst buraxıldı, Bakıda bir araya gələcək

Dünən Topaz Premyer Liqasının VIII turunda Lənkəranda “Bakı”nı 4:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” oyundan sonra sərbəst buraxılıb. Apasport.az saytının məlumatına görə, öncədən tərtib edilmiş məşq planına əsasən komanda bir günlük istirahətin ardından doğma şəhərdə toplanaraq məşq etməli imiş.

 

Lakin hazırda da yağan güclü yağış sonrası stadionun əsas və yardımçı meydançalarının bərbad vəziyyətə düşəcəyi və belə meydançalarda məşq etməyin çətinliyi nəzərə alınaraq, komandanın Bakıda hazırlaşması daha məqsədə uyğun sayılıb.

 

Beləliklə, “Xəzər Lənkəran” bir günlük istirahətdən sonra oktyabrın 21-də Bakıda yenidən bir araya gələcək. Komanda ilk məşqini həmin günü saat 15:30-da Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Bundan sonra daha üç gün eyni arenada hazırlıqlar davam etdiriləcək.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın IX turu çərçivəsində oktyabr ayının 26-da səfərdə “Qarabağ” klubu ilə qarşılaşacaq.

 

12cioyuncu.info

0