Millimizin sabiq çalışdırıcısı: Azərbaycanda futzal inkişaf edir
20.10.2014 - 09:56
Millimizin sabiq çalışdırıcısı: Azərbaycanda futzal inkişaf edir

“Araz”ın uğurlarını qeyd etmək lazımdı. Azərbaycanda futzal inkişaf edir. Həm legionerləri səviyyəlidi, həm də məşqçiləri işini biləndi”. Apasport.az saytının məlumatına görə, bunu “Dina” futzal klubunun baş məşqçisi Andrey Yudin deyib.

 

Futzal üzrə UEFA Kubokunun elit mərhələsində “Araz”ın rəqiblərindən olan Moskvanın “Dina” klubunu bizə tanış məşqçi çalışdırır. 2001/02 mövsümündə “Turan Air”lə oynayan-məşqçi kimi Azərbaycan çempionu olan Yudin 2007-2008-ci illərdə millimizi də çalışdırıb.

 

O, yer aldıqları B qrupunda onları asan rəqiblərin gözləmədiyini bildirib: “UEFA Kubokunun əsas mərhələsindən başlayaraq, demək olar asan rəqiblərlə qarşılaşmırsan. “Elit” haqqında bunu heç demək olmaz. Bir şeyin müzakirəsinə ehtiyac yoxdu: məqsədimiz bütün matçlarda qalib gəlmək və UEFA Kubokunda mərhələ adlamaqdı”.

 

Qeyd edək ki, “Dina” Rusiya çempionatında keçirdiyi 11 oyundan sonra 23 xal toplayıb və “Dinamo” ilə birgə III-IV yerləri bölüşür.

0