Safet Suşiç AFFA-dan gələn təklif haqda: Bəli, belə bir şey olub - EKSKLÜZİV
20.10.2014 - 15:31
Safet Suşiç AFFA-dan gələn təklif haqda: Bəli, belə bir şey olub - EKSKLÜZİV

 

Bosniya və Herseqovina yığmasının baş məşqçisi Safet Suşiçin apasport.az saytına müsahibəsi

 

- Bosniya və Herseqovina mətbuatı AFFA-dan müqavilə təklifi aldığınızı qeyd edib. Bu nə dərəcədə doğrudur?

- Bəli, belə bir şey olub. Amma konkret sizin federasiyadan mənə zəng etməyiblər.

 

- Bəs hardan zəng ediblər?

- Dünən mənə bir menecer zəng etmişdi. O, Berti Foqtsun Azərbaycan millisindən ayrıldığını və yığmaya məşqçi axtarıldığını bildirdi. Amma mən orda işləmək istəmədiyimi söylədim.

 

- Maraqlıdır ki, AFFA rəsmiləri də sizin menecerinizin onlara zəng etdiyini bildirir...

- Yox. Biz tərəfdən heç kim onlarla əlaqə saxlamayıb. Dediyim kimi, mənim özümə menecer zəng edib, belə bir şey olduğunu vurğulayıb.

 

- Sizə bu təklifi edən menecerin adını bilmək olarmı?

- Milan Kalasan. O, Fransanın paytaxtı Parisdə yaşayır. Amma əslən Monteneqrodandır.

 

- Azərbaycan yığmasından imtinanıza nə səbəb oldu? Halbuki, ilinizə 3 milyon dollar veriləcəyi deyilirdi...

- Gəlin, pul məsələləri haqqında danışmayaq. Çünki onsuz da sizin federasiyanın rəsmiləri ilə heç bir əlaqəm olmayıb. Amma təklifdən imtina etməyimə səbəb hələ Bosniya və Herseqovina yığması ilə 2 illik müqaviləmin olmasıdı. Dünya çempionatına çıxsaq da, müəyyən səbəblərdən orda zəif çıxış etdik. Baxmayaraq ki, debütant idik, bu komanda ilə qrupdan çıxa bilərdik. İndi istəyirəm ki, Bosniya və Herseqovina yığmasındakı işimi davam etdirim. Avropa çempionatına vəsiqə qazanmağı hədəfləmişik. Federasiya ilə 2016-cı ilədək müqaviləm var.

 

- Sizə dünya çempionatından öncə də zəng vurmuşduq. Onda “Qarabağ”ın qapıçısı İbrahim Şehiçi mundiala aparmayacağınızı bildirmişdiniz. Bəs, seçmə oyunlara onun çağırılması perspektivləri var?

- Mən Şehiçi yaxşı tanıyıram. O, yaxşı insan və yaxşı qapıçıdı. Amma hazırda millidə başqa qapıçılara şans tanıyıram.

 

- Onun çıxış etdiyi komanda Avroliqanın qrup mərhələsində çıxış edir. Şehiç “İnter”, “Sent-Etyen” kimi komandalara qarşı “Qarabağ” formasında meydana çıxır... 

- Bunlardan xəbərim var. Açığı, çıxış etdiyi komandanın oyunlarını izləməsəm də, bilirəm ki, o, ötən mövsüm Azərbaycan çempionu olub. Amma dediyim kimi, hazırda bizdə qapı xəttinə rəqabət güclüdü. Şehiçə yalnız gələcəkdə dəvət göndərməyim mümkündü.

 

Səbuhi TOFİQOĞLU

 

0