[b]Natiq Məmmədov: “İnter”dən kənarlaşdırılmışam? Kim yazıb bunu?[/b]
21.10.2014 - 13:07
[b]Natiq Məmmədov: “İnter”dən kənarlaşdırılmışam? Kim yazıb bunu?[/b]

“Mən klubdan ayrılmamışam. Bunu ilk dəfə sizdən eşidirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun direktoru Natiq Məmmədov deyib.

 

Ölkə mətbuatında paytaxt təmsilçisinin direktoru Natiq Məmmədovun vəzifəsindən kənarlaşdırdığı barədə xəbərlər yayılıb. Onunla yanaşı, daha iki nəfər  - menecer Fərəc Əliyevlə köməkçisi Sərxan Həsənovun işinə son verildiyi qeyd olunub.

 

Haqqında yayılan xəbəri təəccüblə qarşılayan Məmmədov bildirib ki, hazırda işini davam etdirir və yayılan məlumatlar düzgün deyil: “İnter”dən kənarlaşdırılmışam? Kim yazıb bunu? Yalan söhbətdi. İstəyirsinizsə, gəlin iş otağıma sizə müsahibə verim. Bundan başqa cavabım yoxdu”.

 

Klubdan isə apasport.az saytına bildirilib ki, adları çəkilən şəxslər hələlik işlərini davam etdirəcəklər: “Komandamıza yeni idman direktoru təyinatı olmalıdı. Noyabrda həmin vəzifəyə böyük ehtimalla əcnəbi mütəxəssis gətiriləcək. Əgər həmin şəxs istəyəcəyi təqdirdə, Natiq Məmmədov, Fərəc Əliyev və Sərxan Həsənov işini davam etdirəcək. Əks təqdirdə isə onlarla yollar ayrılacaq”. 

0