Saytdan başqa...
21.10.2014 - 16:29
Saytdan başqa...

“Azəryol”un mövsümə yeniliklərlə başlaması ölkədə klub səviyyəsində voleybolun yüksələn xətlə inkişafından xəbər verir. Apasport.az saytının məlumatına görə, son illər titul həsrətində olan “yol çəkənlər” yeni himn, talisman, loqotip və formasının təqdimat mərasimini keçirməklə, startı hələ bilinməyən qarşıdakı mövsümdə daha iddialı olduğunu ortaya qoydu.

 

Komanda sözün həqiqi mənasında, digər illərlə müqayisədə güclü heyət yığıb. Rəhbərlik də vaxtilə “Azərreyl” adlanan kluba istənilən şəraiti yaradıb ki, onlar lazımı nəticə ilə əvvəlki günlərinə qayıtsınlar. Bütün bunlar alqışalayiqdi.

 

Lakin onların əsas məsələni unutmaları gördükləri işləri müəyyən mənada kölgədə qoyub. Çünki ölkəmizdə “Rabitə” və özlərinin ikinci komandaları, müvafiq olaraq, “Telekom” və “Azərreyl” istisna olmaqla, bütün klubların, hətta tarixin yaddaşına qovuşan “İqtisadçı”nın da rəsmi internet saytı fəaliyyət göstərir. Bu azmış kimi, Çempionlar Liqasında qüvvəsini sınayan, “Azəryol”dan qat-qat zəif olan komandalar da düşərgədə olan məlumatları məhz öz səhifələri vasitəsilə yayırlar.

 

Hətta Bakıda qonaq olan Krasnodar “Dinamo”sunun rəsmi internet səhifəsi “Azəryol”la yoldaşlıq görüşləri barədə xəbərlər yaysa da, “yol çəkən”lər bunu yaddan çıxarıb.

 

...Bunu isə gözləmək hələ tezdi. Çünki klubun bütün sahələrdə rəqibləri ilə ayaqlaşması üçün müəyyən mənada zamana ehtiyacı var. Bəlkə də komanda rəsmiləri mövsümə uğurla başlayacağı halda, bu bərədə fikirləşəcək. Ancaq təqdimat mərasimində yeni saytla bağlı nəyinsə deyilməməyi, addımların tezləşdirilməsinin sürətlənəcəyinə inam yaratmır.

 

Məsələn, bütün dünyada hansısa bir komanda bərədə məlumat axtaranda öncə onun rəsmi saytına baş çəkilir. Amma XXI əsr internet, texnologiya əsri adlansa da, “Azəryol” hələ də sələfi “Azərreyl”in yarandığı illərdə qalıb. Komandanın rəsmi saytının nə vaxt fəaliyyət göstərəcəyi isə bəlkə də uğurları kimi zamanın ixtiyarına buraxılıb.

 

Düzdür, bəzi klublar kimi səhifəni açıb, aylarla yeniləməməkdənsə, bu da yaxşıdı. Amma ən azından Avropanın və Azərbaycanın ən güclüsü kimi bunu etməyin vaxtıdı. Bu, ən azından bir çatışmazlığınızı da aradan qaldırar.

 

Samir

0