[b]Muarem Muarem: Müharibəyə yox, oyuna gedirik[/b] - MÜSAHİBƏ
21.10.2014 - 23:00
[b]Muarem Muarem: Müharibəyə yox, oyuna gedirik[/b]  - MÜSAHİBƏ

Sabah Avropa Liqasının qrup mərhələsinin III turunda “Dnepr”lə qarşılaşacaq “Qarabağ” paytaxtda son məşqini reallaşdırıb. Bu gün səhər saatlarında Ukraynaya yola düşəcək Ağdam təmsilçisinin yarımmüdafiəçisi Muarem Muarem apasport.az saytına müsahibə verib.

 

- Bakıda son məşqinizi keçdiniz. Komandada oyunöncəsi son durum necədir?
- Güclü rəqibə qarşı oynayacağıq. Buna görə də yaxşı hazırlaşmalıyıq. Bəri başdan deyim ki, Kiyevdə bizi çətin sınaq gözləyir.

 

- Dünən komanda şəklində “Dnepr”in oyununu izləmisiniz. Baş məşqçi rəqiblə bağlı nə dedi?
- Dediyim kimi, güclü, hazırlıqlı komandaya qarşı mübarizə aparacağıq. Onların oyununu izləməsək belə, rəqibimizi tanıyırdıq. Son matçda qələbə qazanıblar. Hazırda Ukrayna çempionatının lideridirlər. Cari mövsümdə keçirdikləri 9 görüşün 8-də qalib gəlib, 1-də heç-heçə ediblər. “İnter”lə oyunlarını da izləmişdim. Milan klubuna 10 nəfərlə uduzmuşdular. Onlardan daha çox qaçmalıyıq. Gərək çox qaçaq ki, qələbə qazanaq.

 

- Rəqibin üstünlüyü nədədir?
- Ukraynalılar ölkə çempionatında məğlub olmayıblar. Bu çempionat Avropada ən güclülərdən biridir. Özlərinə uyğun taktikaları var. Ancaq istənilən rəqibə qarşı mübarizə aparmaq mümkündür. Düzgün taktika ilə oynasaq, problem yaşamayacağımızı düşünürəm. Hər zamankı kimi çıxış etməliyik. Bakıya yaxşı nəticə ilə dönəcəyimizə inanıram.

 

- “Dnepr” fiziki gücə üstünlük verir və müdafiədə çox sıx oynayır. Bu, sizə problem yaratmayacaq ki?
- Hər komandanın öz planı var. Taktikanı rəqibə uyğun seçirlər. Nə qədər müdafiədə diqqətli oynasalar da, hansısa epizodda açıq verəcəklər. Biz gərək əlimizə düşən şansı dəyərləndirək. Bir imkanımız olsa, mütləq istifadə etməliyik.

 

- Turnir cədvəli “Dnepr”i də məğlub olmamağa vadar edir. Bu amil hansı komandanın işinə yarıyacaq?
- Vacib olan qol epizodlarından düzgün istifadə etməkdir. Onlarla ardıcıl 2 görüş keçirəcəyik. Hər ikisindən yaxşı nəticə ilə ayrılmalıyıq. Bunu bacarsaq, qrupdan çıxmaq üçün şansımız olacaq.

 

- Bu iki qarşılaşmanın “Qarabağ” üçün kilid rolunu oynadığını düşünmək olarmı?
- Razılaşıram. Çünki hər iki oyundakı rəqibimiz eyni komanda olacaq.

 

- “İnter”lə görüşə 3 gün əvvəldən getmişdiniz. Amma bu dəfə səfərə oyundan bir gün əvvəl çıxacaqsınız. Bu Ukraynadakı vəziyyətlə bağlıdır?
- Baş məşqçinin seçimi belə oldu. Bizim adaptasiya ilə bağlı hansısa problemimiz olmayacaq.

 

- Ukraynada müharibə gedir. Bu, sizi narahat eləmir?
- Biz döyüşməyə yox, futbol oynamağa gedirik. Qorxulu bir vəziyyət yoxdur. UEFA məsləhət bilibsə, çəkinməyə dəyməz.

 

0