“Dnepr”in futbolçusu “Qarabağ”dan, Qarabağ atından və nardan danışdı
22.10.2014 - 15:32
“Dnepr”in futbolçusu “Qarabağ”dan, Qarabağ atından və nardan  danışdı

“Qarabağ”a keçməyimdə uşaqlıqdan dostluq etdiyim Denis Sokolovskinin mənə köməyi dəydi. Ukraynanın I və II dəstə komandalarına keçmək variantım da vardı. Ancaq mən Sokolovskinin də çıxış etdiyi “Qarabağ”a keçməyə qərar verdim”. Apasport.az saytının məlumatına görə, bunu “Dnepr”in yarımmüdafiəçisi Sergey Kravçenko deyib.

 

“Qarabağ”ın Avroliqada sabah qarşılaşacağı “Dnepr”in futbolçusu Kravçenko verdiyi geniş müsahibəsində sabiq klubundan danışıb. O, 2005/06 mövsümünün ilk yarısında oynadığı “Qarabağ”dakı xatirələrini bölüşüb: “Orda 2 gün baxışa bənzər bir şeydən keçdim. Daha sonra yarım illik müqaviləyə imza atdım. Azərbaycana mənimlə birgə təcrübəli Aleksandr Voskoboynik də gəlmişdi. Ona görə də mənə orda darıxdırıcı deyildi və bu uyğunlaşmağıma da kömək etdi. Bakıda yaşayırdım. “Qarabağ”ın Ağdam şəhərini təmsil etməsinə baxmayaraq, komanda Azərbaycanın paytaxtında məskunlaşmışdı. Hələ 2005-ci ildə Bakı məni heyran etmişdi. Deyirlər ki, indi Bakı ümumiyyətlə xariqüladə bir şəhərdir. Ordan futbolçu kimi yalnız müsbət xatirələrim qalıb. İlk 4 turda mənə 3 top vurmaq qismət oldu. Bu qollardan birini “Neftçi”nin qapısına vurmuşdum. Məni komanda yoldaşlarım yaxşı qəbul etdilər, baş məşqçinin də etimadını öz üzərimdə hiss edirdim. Mətbuatda hətta mənim Azərbaycan yığmasında mümkün çıxışıma dair mövzunu şişirtməyə başlamışdılar. Yerli pasport almaq demək olar ki, 1 aya mümkün idi”.

 

Kravçenko Azərbaycan millisində çıxış etməyə niyə razılıq verməməsinə aydınlıq gətirib: “Çünki uşaqlıqdan doğma ölkəmin milli komandası üçün oynamağı arzulayırdım. Bu haqda müsahibələrimdən birində də demişdim. Yerli jurnalist isə müsahibəsinə belə bir qeyd qoymuşdu: “guya, bu oğlancığaz xəyal qurub - “Qarabağ”dan Ukrayna yığmasına necə düşmək olar? 2009-cu ildə həmin müxbir mənə poçtla “Qarabağ”ın fəxri” başlığı altında öz yazısını göndərmişdi. Orda söhbət bu klubun keçmiş futbolçusunun Kiyev “Dinamo”sunun heyətində Ukrayna çempionu olmasından və milli komandada çıxış etməsindən gedirdi. Deyə bilərəm ki, bu yolla həmin jurnalist mənə üzrxahlığını çatdırmışdı”.    

 

31 yaşlı yarımmüdafiəçi “Qarabağ”da 2 nəfərlə indiyədək əlaqə saxladığını və Azərbaycan narını xoşladığını bildirib: “Mənim vaxtımdan klubda bir mütəxəssis çalışır. Əvvəl o, mətbuat katibi olub, indi isə aparıcı menecerdir (“Qarabağ”ın meneceri Asif Əsgərovu nəzərdə tutur – red.). Onunla yaxınlarda danışmışıq. Futbolçulardan yalnız biri ilə müdafiəçi (əslində yarımmüdafiəçi – red.) Namiq Yusifovla əlaqəm qalıb... Yox, kabab bişirməyi öyrənməmişəm (gülür). Amma Bakıda Azərbaycanın milli meyvəsi olan narı sözün əsl mənasında xoşladım. Məşhur Qarabağ atını sürmək isə mənə qismət olmadı. Çünki biz Bakıda yaşayırdıq, hansısa dağ kəndində yox. Ona görə də mən orda əməlli-başlı at görmədim”.

 

“Dinamo”nun sabiq futbolçusu “Qarabağ”da cəmi 6 ay oynamasına da aydınlıq gətirməyə çalışıb: “Razıyam ki, “Qarabağ”ın avrokubokun qrup mərhələsində bizimlə düşəcəyini heç kim ağlına gətirməzdi. Buna baxmayaraq, qeyd olunmalıdır ki, bu klub inkişaf edir. Ancaq 2005-ci ildə bu klub Azərbaycan çempionatının ortabab komandası idi. Mən artıq ordan gedəndən sonra “Qarabağ” ölkə kubokunu qazandı, büdcəsi artırıldı, heyəti yığmanın bazası oldu və birinciliyin qızıl medallarını qazandı. Ordan tez ayrılmağıma səbəb “Vorskla”dan dəvət almağım idi. Bu klubun seleksiyaçısı Valeri Qoşkoderya çıxışımı diqqətlə izləmişdi və Viktor Nosovu məni komandaya dəvət etməyə inandırmışdı”.

 

Ukrayna millisinin sabiq üzvü “Qarabağ”da braziliyalıların yaxşı təsir bağışladığını bildirib: “Bizim üçün azərbaycanlıların oyununu ətraflı təhlil etmək lazımdır. Bununla belə, mən Avroliqada matçların icmalına baxmışam. Ordan görünür ki, asan oyun olmayacaq. “Sent-Etyen”lə ev oyununda “Qarabağ”ın əsasını demək olar ki, braziliyalılar təşkil edirdi. Qol vəziyyətlərinə görə mühakimə yürütsək, həmin braziliyalılar daha üstün görünürdülər. Fransızların gücünə isə yaxınlarda özümüz bələd olmuşuq”.

0