“Qəbələ” Kiyev “Dinamo”su ilə qarşılaşacaq
22.10.2014 - 19:20
“Qəbələ” Kiyev “Dinamo”su ilə qarşılaşacaq

“Qəbələ” Futbol Akademiyası mövsümün ilk səfərini gerçəkləşdirməyə hazırlaşır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət  komanda oktyabrın 23-dən 26-dək Litvanın paytaxtı Vilnüsdə təşkil olunacaq “Ateitis Cup 2014” beynəlxalq turnirində iştirak edəcək.

 

Məqsəd komandanın hazırlıq səviyyəsini daha da yaxşılaşdırmaqdır.  Mehman Yunusovun  başçılıq etdiyi kollektiv Baltikyanı ölkəyə oktyabrın 22-də yola düşüb. Turnirin mükafatı  uğrunda “Qəbələ” ilə  yanaşı  daha 11  komanda da  mübarizə  aparacaq.

 

Bu 12 komanda 2 qrupa bölünüb. “Qırmızı-qaralar” B qrupunda “Orbita”, “Minsk”  (hər ikisi Belarus), “Dinamo” (Kiyev, Ukrayna), Milli Futbol Akademiyası (Litva) və “Feniks” (Kaunas, Latviya) ilə mübarizə aparacaq. A qrupunda isə “Barselona”  Futbol Akademiyası (İspaniya), “Ateitis”(Litva), SHFS (Riqa, Latviya), “Lokomotiv” (Sankt-Peterburq,  Rusiya),  “Smena”, BATE (hər ikisi Belarus) çıxış edəcək.

 

“Qəbələ” oktyabrın 24-də keçiriləcək ilk turda “Feniks”lə qarşılaşacaq. Həmin oyun Bakı vaxtı ilə saat 13:50-də başlayacaq. Eyni gündə, saat 16:35-də isə Milli Futbol Akademiyası ilə görüşəcək “qırmızı-qaralar” 18:20-də Kiyev “Dinamo”su ilə görüşəcək. Ertəsi gün belaruslularla üz-üzə gələcək U-15 13:50-də “Minsk”, 19:40-da “Orbita”nı sınağa çəkəcək. Ayın 26-da isə müvafiq yerləri tutan komandalar həlledici matçlarda qüvvəsini sınayacaq.

 

“Ateitis Cup” turniri müxtəlif yaş qrupları  arasında olmaqla hər il keçirilir. Litvaya  yollanacaq qrupa akademiyamızın baş məşqçisi Halim Fıçıcı, komandanın  baş  məşqçisi  Mehman Yunusov,  qapıçı  məşqçisi  Sahil Kərimov,  eləcə  də  20  nəfərlik futbolçu  heyəti  daxildir: Fərman Bayramov,  Sərxan  Osmanov, Rüstəm  Nuriyev,  İzzət  Müştaqov,  Vüsal  Məsimov,  Təbriz İsazadə,  Arsen  Ağcabəyov, Fəqan Məsimov, Tolqar Yaqubov,  Eldost  Qiyasbəyli,  Fərid  Quliyev, Məhəmməd Abbaslı,  Qabil Sabirli,  Kamran  Quliyev,  Rəşid Manafov,  Fikrət  Tağıyev, Rəşad Tağıyev,Elcan Hafizli, Elmir Tağıyev və Rəşad Bağırov.  

0